EN

"Uber" "Trendyol Go"nun 85 faizini 700 milyon dollara satın aldı

ABŞ-ın beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti olan "Uber" Türkiyədə fəaliyyət göstərən onlayn çatdırılma platforması "Trendyol Go"nun 85 faiz səhm payını 700 milyon ABŞ dolları müqabilində əldə edib.

Valyuta.az xəbər verir ki, "Trendyol" qrupunun 6 may 2025-ci il tarixində verdiyi açıqlamaya görə, artıq şirkət səhmlərin əksəriyyətinin "Uber Technologies"ə verilməsi üçün razılıq əldə edib. Satınalma əməliyyatı müvafiq tənzimləyici orqanların təsdiqindən sonra yaxın aylarda tamamlanacaq.

Əməliyyat başa çatdıqdan sonra, "Trendyol Go" tətbiqi əvvəlki kimi müştərilərə, satıcılara və kuryerlərə xidmət göstərməyə davam edəcək. Bununla yanaşı, "Uber" özünün qlobal çatdırılma platforması olan "Uber Eats"in əsas funksiyalarını "Trendyol Go" üzərindən təqdim edəcək.

"Trendyol" qrupunun rəhbəri Çağlayan Çətin açıqlamasında bildirib: “Yeni struktur ilə ‘Trendyol Go’nun böyüməyə və güclənməyə davam edəcəyinə inamımız tamdır.” "Uber" şirkətinin baş direktoru Dara Xosrovşahi isə qeyd edib: “Uber və ‘Trendyol Go’nun birləşməsi, xüsusilə kiçik və ailə müəssisələri olmaqla, istehlakçılar, kuryerlər, restoranlar və pərakəndə satışçılar üçün Türkiyədə çatdırılma sektorunu yeni mərhələyə daşıyacaq.”

Hazırda "Trendyol Go" platforması Türkiyə üzrə 19 min kurye vasitəsilə 90 mindən çox restoran və marketdən alış-veriş və yemək çatdırılması xidmətləri təqdim edir.

Sərvanə Rəmixanova

Chosen
0
1
valyuta.az

2Sources