Son vaxtlar Bakı-Tbilisi-Bakı qatarının 26–28 may tarixlərində fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılır. Həm Gürcüstan, həm də Azərbaycan tərəfi bu barədə vaxtaşırı səlahiyyətli şəxslərin açıqlamalarına istinadən məlumat verir. Lakin indiyə qədər bu, rəsmi olaraq təsdiqlənməyib. Digər tərəfdən, ölkəmizdə karantin rejimi 1 iyul tarixinədək qüvvədədir. Bu isə bir sıra məqamları sual altında qoyur.
Rəsmi məlumat niyə yoxdur? Gürcüstan və Azərbaycan arasında quru sərhədlərin açılmasına nə mane olur?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Bakı-Tbilisi-Bakı qatarının açılması məsələsinin vacibliyinə ilə bağlı tərəflər arasında razılaşma əldə olunub:
“Fikrimcə, bu, yazılı şəkildə təsdiqlənməsə də, rəsmi xəbərdir”.
Razi Nurullayev
Deputat bildirib ki, mayın 1-dən yollar açılmalı idi:
“Bu da Gürcüstan prezidentinin ölkəmizə səfəri zamanı razılaşdırılmışdı. Daha sonra tarix 26-28 may olaraq dəyişdirildi. Çünki 26 may Gürcüstan, 28 may isə Azərbaycanın müstəqillik günüdür. Qatarların həmin vaxtdan fəaliyyətə başlayacağını düşünürəm”.
Deputat Azay Quliyev qeyd edib ki, quru sərhədlər iyulun 1-dək bağlı qalacaq:
Azay Quliyev
“Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlamasını da quru sərhədlərin açılması kimi dəyərləndirmək olmaz. Onun hansı rejimdə və necə işləməsi barədə aidiyyəti qurumlar məlumat yaymalıdır. Bu barədə şərhin verilməsi ictimai rəyi səhv istiqamətə yönləndirər”.