Depressiya sadəcə kədərli olmaq deyil, bəzən insanı tamamilə sustura, hərəkətsiz edə bilər
Türkiyənin Samsun şəhərində depressiya diaqnozu qoyulmuş bir qadın 56 gün boyunca gözlərini açmadan yatıb. Həkimlər xəstəyə katatoniya diaqnozu qoyublar.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Samsunda yaşayan 26 yaşlı gənc qadın, sadəcə depressiya keçmişi olmasına baxmayaraq, huşunu itirib.

Huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın, burada 32 gün müddətində stasionar müalicə alıb. Çoxsaylı analizlər aparılsa da, onun niyə oyanmadığı, gözlərini açmadığı, danışmadığı bir cür aydınlaşdırıla bilməyib.
Sonra xəstə Ondokuz Mayıs Universiteti (OMÜ) Tibb fakültəsinin xəstəxanasına göndərilib. Burada OMÜ Tibb Fakültəsinin Daxili Tibb Elmləri Bölümünün, Daxili Xəstəliklər Kafedrasının müəllimi Dr. Özgür Kılıç tərəfindən reanimasiya şöbəsində müşahidə altına alınıb.
“Donmuş vəziyyətdə yatırdı”
Xəstənin 56 gün ərzində heç bir stimula cavab vermədiyini bildirən Dr. Özgür Kılıç belə deyib:
“Bizə göndərildikdən sonra reanimasiyada müşahidəyə başladıq. Xəstə gözlərini açmır, ağrılı stimulalara belə reaksiya vermirdi, sanki donmuş kimi hərəkətsiz yatırdı.”
Bütün nevroloji, metabolik, infeksion, toksik və endokrin analizlərin normal olduğunu qeyd edən Kılıç, “Çoxsaylı ehtimalları istisna etdik, amma səbəbini tapa bilmədik. Orqanik bir pozuntu yox idi, amma xəstə “donmuş” vəziyyətdə idi. Bu zaman bunun psixiatrik bir hal ola biləcəyini düşündük,” – deyə əlavə edib.
Xəstənin vəziyyəti birgə müzakirə olundu

Vəziyyətin psixiatr, nevroloq və reanimatoloqlar tərəfindən birgə keçirilən konfransda dəyərləndirildiyini bildirən Kılıç, bütün tapıntıları bir araya gətirərək, bu halın katatoniya ola biləcəyi qərarına gəldiklərini deyib.
“Katatoniya bəzi ağır psixiatrik xəstəliklər zamanı görünə bilər və insanın danışmaması, hərəkət etməməsi, ətraf mühitlə bütün əlaqəsini kəsməsi kimi əlamətlərlə ortaya çıxır,” – deyə izah edən Kılıç, sözlərini belə davam etdirib:
“Xüsusilə ağır depressiyalarda bu vəziyyət inkişaf edə bilər. Xaricdən baxıldıqda sanki huşunu itirib kimi görünür, amma əslində içində “donma halı” yaşanır. Ədəbiyyatda bu qədər uzun sürən katatoniya hallarına rast gəlinib, lakin bu qədər ağır və müalicəyə gec başlanmış hallar olduqca nadirdir.”
“Depressiya yalnız kədərli olmaq deyil”
EKT (elektrokonvulsiv terapiya) müalicəsinə başladıqlarını və 56-cı gün xəstənin gözlərini açdığını bildirən Kılıç, “Bizə baxdı, yemək yedi. O anı təsvir etmək çətindir. Bu hadisə bizə bir şeyi göstərdi: depressiya sadəcə kədərli olmaq deyil. Bəzən insanı tamamilə sustura, hərəkətsiz edə bilər,” – deyə danışıb.