Bu müqavilə Ermənistanın xarici siyasətində hansı boşluqları doldurmaq niyyətindən xəbər verir və bu cəhdlər regiondakı güc balansına necə təsir edə bilər?
"Paşinyan hakimiyyətinin ABŞ-də PR məqsədilə hansısa şirkətlə müqavilə bağlaması əhəmiyyət kəsb edən bir məsələ deyil. Üstəlik, bu addımın hansısa ciddi effekt verəcəyi də qətiyyən inandırıcı görünmür. Çünki, birincisi, Ermənistanın PR və lobbiçilik fəaliyyətlərini uzun illərdir erməni diasporu həyata keçirir. Bu diaspor öz fitnə-fəsadı, qərəzli və yalan iddiaları ilə Ermənistanı təbliğ edir və müxtəlif ölkələrin dəstəyini qazanmağa çalışır. Bu baxımdan, hansısa şirkətin bu prosesə əlavə bir dəyər qatması o qədər də inandırıcı deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, Ermənistanın ABŞ üçün strateji tərəfdaş olduğunu sübut etməyə yönəlmiş cəhdlər, Tramp administrasiyasının bu statusu rədd etməsi fonunda mənasız və əsassız görünür:
"Ermənistanın ABŞ üçün strateji tərəfdaş olduğunu ABŞ hökumətinə qəbul etdirmək məqsədilə hər hansı bir şirkətin fəaliyyət göstərməsi qeyri-ciddi, məntiqsiz və absurddur. Çünki ABŞ və Ermənistan arasında artıq strateji tərəfdaşlıq barədə saziş imzalanmışdı, lakin bu sənəd Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra əhəmiyyətini itirərək arxivə atılıb. Belə olan halda, bu mövzu ilə bağlı yeni səylər göstərmək mənasızdır. Əgər Tramp administrasiyası doğrudan da Ermənistanı ABŞ-nin strateji tərəfdaşı hesab etsəydi, bu ölkəyə daha həssas yanaşar, onu dəstəkləyər və arxasında ciddi şəkildə dayanardı. Lakin bu baş vermədi və bu da onu göstərir ki, Tramp administrasiyası Ermənistanı strateji tərəfdaş olaraq görmür. Ümumiyyətlə, Ermənistanın həm ABŞ, həm də Qərbin siyasi dairələri üçün əhəmiyyəti artıq mövcud deyil".
E. Xalidbəyli vurğulayıb ki, Ermənistanın geosiyasi əhəmiyyəti olmadığı üçün Paşinyan hakimiyyətinin ABŞ-də PR və lobbiçilik üçün maliyyə xərcləməsi sadəcə ümidsiz və nəticəsiz bir cəhddir.
"Ermənistan nə dünyada, nə də Cənubi Qafqazda geopolitik proseslərə təsir göstərə biləcək bir ölkə və ya faktor deyil. Bu baxımdan, Paşinyan hakimiyyətinin ABŞ-da PR və lobbiçilik fəaliyyəti üçün maliyyə vəsaiti xərcləməsi heç bir dəyişiklik yaradacaq addım deyil. Əksinə, bu, boşuna atılmış bir addımdır və göstərir ki, Paşinyan hakimiyyəti artıq anlayır: Ermənistan dünyada heç kimə lazım deyil. Əgər doğrudan da Ermənistan önəmli olsaydı, onun PR-ı və lobbiçiliyi üçün əlavə maliyyə vəsaiti xərcləməyə ehtiyac qalmazdı. Paşinyan hakimiyyəti Ermənistanın hazırkı vəziyyətindən və əhəmiyyətini itirməsindən narahat olduğu üçün, böyük ehtimalla, bu şirkətin dəstəyinə ümid bəsləmək məcburiyyətində qalıb. Lakin bu ümid də real nəticə verəcək təsiri bağışlamır".
Siyasi şərhçinin fikrincə bütün bu addımlar nəticəsiz qalacaq. Eyni zamanda, bu, Cənubi Qafqazdakı güc balansına heç bir şəkildə təsir göstərə bilməz. Artıq Ermənistanın geosiyasi əhəmiyyətini artıracaq hər hansı bir ümid yeri qalmayıb. Buna görə də, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqla öz gələcək taleyini xilas etməyi düşünməsi daha məqsədəuyğun ola bilər.
Səidə Ramazanova