Bu gün Qax rayonunda məşhur "Kürmükoba " bayramı qeyd edilir.
Bizim.Media xəbər verir ki, ildə iki dəfə qeyd edilən bu maraqlı bayramı həm azərbaycanlılar, həm də azsaylı xalqlardan olan gürcülər birlikdə qeyd edirlər.
Qax rayon sakini Rüstəm Qasımovun sözlərinə görə, bayram günü Qax rayonunun Əmbərçay kəndi ərazisində yerləşən Qafqaz Albaniyasının daşıyıcısı olan tarixi Kürmük məbədi ziyarət edilir.
"Bu bayram ildə iki dəfə - noyabrın 23-də və mayın 6-da qeyd edilir. Qədim Alban məbədinin izlərini daşıyan bu tarixi məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, ibadətgah yeri sayılır. Ona görə burada hər dəfə dini ayinlər də icra olunur. Bundan başqa bu bayramda niyyətli insanlar məbədə ayaqyalın çıxırlar. Məbədin ətrafında şamlar yandırılır, nəzirlər qoyulur.
Kürmükoba bayramının ən səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, Gürcü-Azərbaycan xalqının dostluğunu göstərməkdir. Hər iki qonşu və dost xalq birlikdə məbədi ziyarət edib bayramı qeyd edirlər" .
Gürcü əsilli Qax rayon sakini Nona Babucaşvili isə Bizim.Media-ya açıqlamasında bu günü səbirsizliklə gözlədiklərini deyib:
"Kürmükoba həm də bizim milli bayramımız sayılır. Bu gün Gürcüstandan da çoxlu sayda gürcülər gələrək məbədi ziyarət edirlər. Biz gürcülərin çoxu əvvəlcədən arzu tutub ayaqyalın məbədi ziyarət edəcəyimizlə bağlı niyyət edərik. Buna görə də, həmin gün çox insanı ayaqyalın görmək mümkündür. Daha sonra İsa Peyğəmbərin ruhuna şamlar yandırırıq. Məclis təşkil edib, qurbanlar kəsib, sonra nəsillikcə yeyib-içirik. Bu günü mütləq şəkildə milli musiqilərimizi ifa edib rəqs edərik. Bundan başqa, bayramda bir stolüstü və idman oyunları oynanılır”, deyə Nona xanım əlavə edib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu