Aprel ayında bank kartlarından 610 min manat oğurlanıb – Kiberdələduzluq artmaqda davam edir
2025-ci ilin yalnız aprel ayında Azərbaycanda vətəndaşların bank kartlarından ümumilikdə 610 min manat məbləğində vəsait oğurlanıb. Bu, ölkədə kiberdələduzluq hallarının təhlükəli səviyyədə artdığını göstərir.
Tribunainfo.az xəbər verir ki, DİN-in yaydığı məlumatlarda aydın olur ki, vətəndaşların kart hesablarından müxtəlif üsullarla – əsasən sosial mühəndislik və saxta bağlantılar vasitəsilə – kütləvi şəkildə pul vəsaiti oğurlanıb. Təkcə aprelin 16-da 15 min 40 manat, aprelin 22-də isə 21 min 139 manat və 25 ABŞ dolları oğurlandığı bildirilir. Aprelin 23-də qeydə alınan digər bir fakt üzrə isə vətəndaşların kartlarından 20 min 332 manat məbləğində vəsait çıxarılıb.
Mütəxəssislər qeyd edirlər ki, bu cür hallar əsasən vətəndaşların kart məlumatlarını – xüsusilə CVV/CVC kodlarını, SMS vasitəsilə göndərilən OTP şifrələrini, kartın PIN kodunu və digər məxfi bilgiləri naməlum şəxslərlə paylaşması səbəbindən baş verir.
DİN və müvafiq bank qurumları vətəndaşlara belə halların qarşısını almaq üçün aşağıdakı tövsiyələrlə çıxış edirlər:
Tanımadığınız nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin;
Heç bir halda bank kartı məlumatlarını paylaşmayın;
Yalnız rəsmi bank tətbiqlərindən istifadə edin;
Şübhəli linklərə keçid etməyin.
Qeyd edək ki, kiberdələduzluq halları üzrə istintaq tədbirləri davam etdirilir.
Nigar İxtiyarqızı