EN

Avropa İttifaqı Rusiya qazı ilə bağlı planlarını açıqlayacaq

BAKI, 6 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) bu gün Rusiya qazı ilə bağlı müqavilələrin bu ilin sonuna qədər qadağan edilməsinə və Moskva ilə mövcud müqavilələrin 2027-ci ilin sonuna qədər mərhələli şəkildə dayandırılmasına dair yeni planlarını açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə üç Aİ rəsmisi “Reuters” agentliyinə bildirib.

Aİ Komissiyasının planına əsasən, iyunda Rusiya qazının idxalı ilə bağlı müqavilələrin, eyni zamanda birbaşa (spot) müqavilələrin 2025-ci ilin sonuna qədər qadağan olunması təklifi irəli sürüləcək.

Rəsmilərin sözlərinə görə, Komissiya həmçinin 2027-ci ilin sonuna qədər mövcud müqavilələr çərçivəsində Rusiya qazı və maye təbii qaz (LNG) idxalının qadağan olunması ilə bağlı hüquqi təklif də verəcək. Lakin bu planlar rəsmi dərc olunmazdan əvvəl dəyişdirilə bilər.

Hüquqi təkliflər Avropa Parlamentinin və səs çoxluğu ilə Aİ ölkələrinin təsdiqini tələb edəcək.

Avropa İttifaqı Rusiyadan kömür və dəniz yolu ilə neft daşımalarına sanksiyalar tətbiq etsə də, qaz idxalına qarşı sanksiyalar Slovakiya və Macarıstanın etirazı səbəbindən tətbiq edilməyib. Bu ölkələr Rusiya qazını boru kəmərləri ilə alır və alternativ təchizatçılara keçidin enerji qiymətlərini artıracağını bildirirlər. Sanksiyaların tətbiqi üçün Aİ-yə üzv 27 ölkənin hamısının yekdil razılığı tələb olunur.

Hazırda Avropa qazının təxminən 19%-i hələ də Rusiya tərəfindən təmin olunur. Bu, əsasən “TurkStream” boru kəməri və LNG tədarükləri vasitəsilə həyata keçirilir.

Bu göstərici Rusiyanın 2022-ci ildən əvvəl təxminən 40%-lik payı ilə müqayisədə xeyli aşağı olsa da, avropalı alıcılarının hələ də “al və ya ödə” ("take-or-pay" contracts) prinsipi ilə “Gazprom”la bağladıqları müqavilələr mövcuddur. Bu müqavilələrə əsasən, qaz tədarükündən imtina edən tərəflər sifariş edilən həcmlərin əhəmiyyətli bir hissəsini yenə də ödəməli olurlar.

Avropa Komissiyası Avropa şirkətlərinin mövcud Rusiya qazı müqavilələrini maliyyə sanksiyalarına məruz qalmadan pozmalarına imkan verəcək hüquqi variantları araşdırır.

Aİ rəsmiləri Brüsselin bunu necə etməyi planlaşdırdığını açıqlamayıblar. Hüquqşünaslar bildirirlər ki, bu müqavilələrdən imtina etmək üçün “fors-major” hallarına istinad etmək çətindir və bu cəhd müqavilə tərəfləri üçün maliyyə cəzası və ya arbitraj riski yarada bilər.

Qeyd edək ki, Avropa Komissiyası ABŞ-dən daha çox LNG almağa hazır olduğunu bəyan edib. Bu addım ABŞ Prezidenti Donald Trampın Avropa ilə ticarət profisitini azaltmaq məqsədilə tələb etdiyi məsələlərdən biri olub.

Komissiya enerji qiymətləri ilə bağlı narahatlığını da ifadə edib və bildirib ki, Rusiya enerjisinin idxalına qarşı atılacaq istənilən məhdudlaşdırıcı addım Moskvanı Aİ-dən daha çox zərərə salmalı, eyni zamanda yanacaq qiymətlərinə təsiri də nəzərə almalıdır.

Chosen
0
teleqraf.com

1Sources