Məlum olduğu kimi, gigiyenik qaydalara əməl olunmadıqda, qidalar düzgün şəraitdə saxlanılmadıqda toylarda və məclislərdə kütləvi zəhərlənmə hadisələri baş verə bilir. Bunlardan biri də yaxın zamanda-aprelin 18-də “Venesiya” şadlıq sarayında keçirilən toyda yaşanıb. Belə ki, həmin toyda 55 nəfər zəhərlənib.
Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şadlıq sarayında apardığı yoxlama nəticəsində bəzi pozuntular, sanitar-gigiyenik tələblərə əməl olunmadığı müəyyən olunub.
Qeyd edək ki restoranlarda, istər toy, istərsə də digər məclislərdə belə hallar yaşana bilir.
Maraqlıdır ki, belə olduqda restoranın sahibi toy sahibinə, zərər çəkənlərə kompensasiya ödəməlidirmi?
Əvvəlcə, nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsiylə bağlı belə qeyd olunub:
“Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”.
Zərər necə qarşılanır?
Bizim.Media mövzu ilə bağlı hüquqşünas Pərviz Hacıyevin də fikirlərini öyrənib. Hüquqşünas bildirir ki, zəhərlənmə hadisəsiylə bağlı toy sahibinə hər hansı bir maddi ziyan dəyibsə, təbii ki, o, əsaslandırılmış qaydada mülki iddiayla məhkəməyə müraciət edə bilər.
Bəs toy sahibi ilə restoran arasında müqavilənin olub-olmaması buna təsir edə bilər?
“Müqavilənin olub-olmamasının önəmi yoxdur, şifahi razılaşma var. Faktiki olaraq toy orada keçirilib. Toydan öncə beh verilib, bu da faktı təsdiq edir”, - deyə Pərviz Hacıyev vurğulayıb.
Müsahibimizin sözlərinə görə ki, müəyyən araşdırmalar aparıldıqdan sonra məhkəmə yolu ilə şadlıq sarayı sahibinin kompensasiya ödəməsinə qərar verilə bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə hadisəsi olubsa, zəhərlənən şəxslərin müalicəsində restoran məsuliyyət daşımalıdır və zərərçəkənlərə kompensasiya da verilməlidir.
O, günümüzdə şadlıq saraylarıyla bağlı bəzi problemli məqamlara da toxunub:
“Toyxanalarda tələb təklifi üstələyir. Bu olduqda isə keyfiyyətsiz xidmət, qidalar ortaya çıxır. Beh verildikdən sonra şadlıq sarayının sahibləri öz xüsusiyyətlərini istehlakçıya diqtə edirlər. Toy sahibi nə qədər çalışsa da, istədiyini edə bilmir. Buna görə də qanunvericilikdə müəyyən dəyişikliklər aparılmalı, toyxana və sifariş verən arasında müqavilə imzalanmalı, bütün şərtlər göstərilməlidir.
Toy etmək istəyən şəxs ilk olaraq mətbəxə baxmalı, yeməklərə, gigiyenaya baxmalıdır. AQTA məsələni həll etməyə çalışır, ancaq əhatə edə bilmir”.
Nəzrin Mirzəyeva, Bizim.Media