“Şahdağ Qusar” fanatlarına ümumilikdə 514 bilet satılmışdı. Həmin tribunada onlara ayrılan yer məhz bu qədər idi. Olsun 100 azarkeş artıq… Qalan azarkeşlər isə – təxminən 3000-dən yuxarı fanat isə “Şəfa”nı dəstəkləməyə gələnlər idi. Qonaq komandanın azarkeşləri üçün də hər hansı bir süni maneə yaradılmamışdı. Bizim əməkdaşlarımız və polislərin nəzarəti altında azarkeşlər bir-bir yoxlanılaraq tribunaya buraxılmışdı. Qaldı ki, tribunanın tamamilə qusarlı fanatların doldurmasına, bu doğru məlumat deyil”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Şəfa” klubunun prezidenti Sərdar Salmanzadə deyib.
II Liqanın 24-cü turunda evdə “Şahdağ Qusar”la qolsuz bərabərliyə razılaşan “Şəfa” klubunun rəhbəri bildirib ki, matçdan əldə olunan vəsait autizm spektrinin pozuntularından əziyyət çəkən uşaqların reabilitasiya mərkəzinə ianə olunub:
“Biz həmin oyundan ümumilikdə əldə etdiyimiz 5140 manat vəsaiti autizm spektrinin pozuntularından əziyyət çəkən uşaqların reabilitasiya mərkəzinə ianə etdik. “MY Group” şirkəti tərəfindən həmin vəsait onların hesabına köçürüldü. Biz bu cür tədbirləri yenə davam etdirəcəyik. Bilet satışından əldə olunacaq gəlirlər ehtiyacı olan uşaqlar üçün ianə olunacaq”.
Qusarlı fanatlar oyun öncəsi “Şəfa” rəhbərliyinin onlar üçün biletləri 10 manata qaldırmalarına etiraz olaraq, meydana kağız parçalarından şabaş atmağa başlayıblar. Hətta matçdan sonra Qusar təmsilçisinin bəzi futbolçuları da həmin saxta əskinazlarla kameralara poz veriblər.
“Şəfa” rəhbəri bunu qəbuledilməz adlandırıb:
“Futbolçuların, klubun bəzi nümayəndələrinin etdiyi hərəkət etiket qaydalarının pozulmasıdı. Məncə, AFFA-nın İntizam Komitəsi bu məsələyə baxmalıdı.
Bilet qiymətini ilk qaldıran onlar oldu. Bu doğru addım deyil. Səfər oyununa gedəndə “Şahdağ Qusar” 1 manatlıq biletləri bizə 3 manata satdı. Biz də buna cavab olaraq biletin qiymətini 10 manat kimi təyin etdik. Burada bilet satışını lağa qoymaq doğru deyil. Biz bu nümunələri çox klubların timsalında görmüşük”.
Bakı klubunun prezidenti çempionluq yarışından qopmadıqlarını, sona kimi mübarizə aparacaqlarını bildirib:
“Çempionatın başa çatmasına 2 tur qalıb. Hər şey baş verə bilər. Hər şey Allahın əlindədi. Biz qarşıdakı 2 oyunumuzdada qalib gəlib, digər oyunun nəticələrinə baxacağıq. Bizim əsas məqsədimiz, hədəfimiz Premyer Liqaya yüksəlmək, ordan da ölkəmizi avrokuboklarda layiqincə təmsil etməkdi. Biz heç bir klubla düşmənçilik aparmırıq. Məqsədimiz ölkə futboluna töhfə verməkdi”.