EN

Yaxın Şərqdə yeni müharibə ocağı...- Tural İrfan yazır

Yaxın Şərqdə vəziyyət yenidən ağırlaşır. Yəməndəki Ənsarullah təşkilatının İsrailin Ben Qurion hava limanına atdığı raketdən sonra İsrail və ABŞ-ın hava qüvvələri də hazırda Yəməni bombalayır. Qırmızı dəniz sahilindən Əl Hudeyda limanı və şəhəri vurulur.
Dünən Dəməşqdə Prezidentin qərargahının yaxınlığı vuruldu. Türkiyə hava qüvvələrinin təsiri nəticəsində geri çəkildilər.
İranla - ABŞ və İsrail arasında, Hindistanla da Pakistan və Çin arasında müharibə gözlənilir. Çin artıq Pakistana dəstək məqsədi ilə sərhəddə qüvvə toplayır.
Türkiyəni daxildə məşğul etməyə böyük səylər göstərilir. Həlledici məqamda Pakistanın mümkün dəstəyini neytrallaşdırmaq üçün Hindistanı qaldırıblar.
Həması tam məhv etmək və Qəzzanı götürüb tədricən ilhaq etməkdə israrlı olan Netanyahu komandası əsla geri çəkilməyi düşünmür, əksinə irəliləmək fikrindədir. İndiki yaranmış şəraiti tarixi fürsət hesab edir.
Suriyada Druzları ciddi şəkildə qaldırıblar müvəqqəti hökumətin üstünə və onlara dəstək adı ilə Suriyanın bütün strateji nöqtələrini vururlar. Dövlətin qurulmasına fürsət verməmək üçün Əhməd Şaraaya nəfəs dərməyə imkan vermirlər. İsraildəki Druzların lideri Şeyx Muvaffaq Tarif Netanyahu ilə görüşdü, ona və ABŞ-a müraciət etdi ki, Suriyadakı Druzları "müdafiə" etsinlər. Livan Druzlarının ağsaqqalı Vəlid Canpolad isə Suriya hakimiyyətini müdafiə edərək bildirdi ki, lazım olsa Şama gedəcək, həmməzhəblərini dövlətin yanında olmağa çağıracaq.
Suriyada Şaraa hökumətini dəstəkləyən bir neçə Druz liderini gizli qüvvələr öldürüb. Yalnız İsrailə birləşmək istəyən liderlər qalıb, onlar da tərəfdarlarını silahlandırıb qana fitva verirlər.
Türkiyə və Suriya hökuməti mümkün qədər müharibə təxribatına uymamağa çalışır, yayınır, təmkinli davranır. İsrail Qətəri də təhdid edir. Türkiyənin Qəzzaya yardım gəmisinə də zərər vurulub. Əhalinin taleyi isə siyasi, hərbi dumanda qaranlıq zülmətə qərq olub, dünya gücləri üçün o qədər də əhəmiyyətli deyil, artıq adiləşdi və göz öyrəşdi.
Böyük savaş çıxması, hətta dünya müharibəsinə çevrilməsi ehtimalı gündən - günə artır.
Tural İrfan, politoloq
Chosen
0
news365.az

1Sources