EN

Sosial müavinət və təqaüdlərlə bağlı mühüm xəbər

ain.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatında cari ilin I rübü ərzində cəmi 0.3% artım əldə olunsa da, dövlət büdcəsi bu ilin ilk dörd ayı ərzində (yanvar-aprel) gəlirlər üzrə 13 964 900 000 manat təşkil etməklə proqnozdan 219 700 000 manat və ya 1.6% çox icra edilib. Qeyd olunan müddətdə büdcənin xərcləri isə 11 191 900 000 manat proqnoza qarşı 10 961 900 000 manat, yəni 97.9% təşkil edib.

Beləliklə də, büdcədə 3 milyard 3 milyon manat məbləğində profisit (büdcə artıqlığı) yaranıb.

Diqqəti cəlb edən amil ondan ibarətdir ki, dövlət büdcəsi mədaxilinin əsasını təşkil edən Dövlət Neft Fondundan (ARDNF) transfert 4 579 100 000 manat təşkil edərək ilk dörd ay üçün nəzərdə tutulandan 247 900 000 manat və ya 5.1% az icra olunub.

Bu il ərzində ARDNF-dən dövlət büdcəsinə 14 milyard 481 milyon manat köçürülməlidir ki, bu da 37.8% mədaxil deməkdir.

Sual yaranır ki, bəs, müavinət və təqaüdlərin artırılması niyə gecikir?

Bəllidir ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib.

Bütövlükdə paketin icrası nəticəsində 3 milyon vətəndaşın bundan yararlanacağı qeyd olunub. Minimum əməkhaqqının 16% artırılaraq 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqlarının artırılması, əmək pensiyalarının hər il olduğu kimi indeksləşdirilərək yanvarın 1-dən yüksəldilməsi, fevralın 1-dən isə minimum pensiya məbləğinin 14.3% qaldırılaraq 320 manat müəyyən olunması kimi addımlar artıq atılmış sayılır.

Lakin, sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır. Prezident İlham Əliyevin keçən ilin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin.

Yeri gəlmişkən, 2019-cu ildən bəri, bu il də daxil olmaqla həyata keçirilən beş sosial paket nəticəsində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 3 dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə keçən ilədək 5 dəfə artıb. Dövlət büdcəsində sosialyönümlü xərclər 2.2 dəfə yüksələrək 2019-cu ildəki 7.8 milyard manatdan 16.9 milyard manata çatıb.

Məsələ bundadır ki, Prezidentin yuxarıda qeyd etdiyim sərancamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb. Söhbət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə verilən müavinət və sayca təqribən 13 növ təqaüd məbləğindən gedir ki, bütün bunlar üzrə qeyd etdiyim kimi artımlar hələ ki, gecikir.

Hesab edirəm ki, büdcədə 3 milyard 3 milyon manat profisit, üstəgəl 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə öncədən 4 milyard 811 milyon manat ayrılması fonunda müavinət və təqaüdlərin hələki artırılmaması hökumətin ola bilsin, dünya bazarlarında neftin və sairənin qiymətləri ilə bağlı tələsik qərar verməmək və yaxud addım atmamaq istəyi ilə bağlıdır.

Çünki buna, başqa cür izahat vermək çətindir.

Yeri gəlmişkən, 4 milyard 811 milyon manat vəsait 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır. Xatırladaq ki, 2024-cü ildə sözügedən istiqamət üzrə 4 milyard 391 milyon manat ayrılmışdı.

Bəs, nə etməli?! Çıxış yolu nədədir?

Çıxış yolu əslində, məlumdur. Hökumətin kənar risklərdən sığortalanmaq və xüsusən də, əhalinin sosial müdafiəsi istiqamətində atmaq istədiyi addımlara təhdid yarada biləcək təsir və təzyiqlərə qarşı mübarizədə birdəfəlik olaraq radikal siyasətə keçməsi vacib və labüddür.

Belə ki, məsələn, minimum əməkhaqqının son dövrdə artırıldığı illər sırasına nəzər salsaq 2019-cu ilin xüsusən seçildiyini görərik. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı ki, bununla da sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisi həddini keçdi.

Hansı ki, hökumət neçə illər idi məhz buna nail olmağa çalışırdı.

Artıq beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla əvvəlki dövrdən fərqli olaraq daha böyük məna və mahiyyət kəsb edir.

Bütün bunlara necə nail olundu? Əlbəttə, asan olmasa da, çətin də nail olunmadı. Sözügedən dönəmdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna məhz dövlət başçısının ona verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında nail oldu.

Belə ki, böyük qətiyyət göstərildi - saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan minlərlə vətəndaş bu "hüquq"larından məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mövcud imkanlar və mexanizmlər dəyişdirildi, şəffaflaşdırıldı.

Qeyd olunan bu addımların atılması nəticəsində də milyonlarla manat əlavə vəsait dövriyyəyə daxil edildi və qənaət təmin edildi. Ona görə də ciddi artımlara getmək mümkün oldu. Yəni, artıq 5-ci sosial islahat paketinin də icrasına start vermək mümkün oldu.

Odur ki, islahatlar davam etdirilməlidir... Çıxış yolu yalnız bundadır.

Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
4
icma.az

5Sources