EN

Məhkəmə oyuncaq tapança ilə mağazaya basqın edən şəxsin cəzasını azaltdı

Ali Məhkəmədə Göyçayda qızıl mağazasına basqın etməkdə təqsirləndirilən K.Səmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin cəzası hökmü K.Səmədliyə təyin edilən cəzaya aid hissədə dəyişdirilib. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə təyin edilmiş 5 il 4 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası 3 il 4 ay 26 günə endirilib.

 

İttihama görə, hadisə 26 mart 2022-ci ildə, saat 12 radələrində Göyçay rayonunda yerləşən “Yaqut” qızıl mağazasında qeydə alınıb.

 

Belə ki, rəsmi məlumata əsasən, zərərçəkən Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 45 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki yetkinlik yaşına çatmayan şəxs – K.Səmədli və Ə.İslamov tutularaq istintaqa təhvil verilib.

 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb. Apardıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə hərəkət ediblər. Əfsun Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət keçdikdən sonra Bakı şəhərinə getmək və apardıqlarını paytaxtda satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə digər təqsirləndirilən şəxslərin barəsində ittihamedici hökm çıxarılıb.

 

Kamal Məmmədov

Tarix: 6 May 2025, 08:24   
Chosen
0
1
pravda.az

2Sources