EN

ADP hakimiyyəti öhdəliklərini yerinə yetirməyə çağırdı

İqtidarı siyasi məhbus probleminin həlli istiqamətində ciddi addımlar atmağa çağıran demokratlar, Tofiq Yaqublunun səhhəti ilə bağlı narahatlıqlarını da ifadə ediblər

…rus sülhməramlı kontingentin gizlin vasitəçiliyi ilə qaçıb Ermənistana sığınan V.Balasaryan və digər müharibə canilərinin də tutulub bu gün Azərbaycanın ədalət məhkəməsində mühakimə edilən digər hərbi canilərin sırasına qatılması üçün bütün vasitələr işə salınmalıdır

 

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə “Amnesty İnternational” Beynəlxalq İnsan Hüquqları Təşkilatının insan hüquq və azadlıqlarına dair illik hesabat ətrafında müzakirələr aparıb. İdarə Heyəti hesabatın insan hüquq və azadlıqları ilə bağlı Azərbaycana aid bölməsinin reallıqları düzgün əks etdirdiyini bildirib və hakimiyyəti ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, söz, mətbuat azadlığının təmin edilməsi, alternativ fikrə geniş yer verilməsi, siyasi məhbus məsələsinin həllini tapması istiqamətində ölkə konstitusiyası və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

Hesabatda cinsi azlıqların, Qarabağda yaşayan erməni kökənli etniklərin hüquqlarının pozulması məsələsinə gəldikdə isə bir qayda olaraq ikili standartların tətbiqinə yol verildiyi qeyd edilib, Azərbaycanın etnik erməniləri Qarabağdan zorla köçürməkdə ittiham olunması qətiyyətlə pislənilib. Qeyd edilib ki, ikinci Qarabağ müharibəsindən sonra ermənilərin məskunlaşdığı ərazilərimizdən köçürülməsi heç də Azərbaycan tərəfindən deyil, Qarabağ ərazisində fəaliyyət göstərən sülhməramlı rus hərbi kontingentinin, Ermənistan rəhbərliyinin və təslim olmağa məcbur olan separatçı rejimin birgə iştirakı ilə baş vermiş, Azərbaycan dövləti isə öz qanunlarına tabe olduğu halda istənilən vaxtda onların geri qayıtması, inteqrasiya olunması, digər azsaylı xalqlarla bərabər ölkəmizdə yaşamaq hüququnun olması ilə bağlı münasibətini açıq şəkildə bildirmişdir.

İdarə Heyəti hazırda Ermənistanda sığınacaq tapan müharibə canisi V.Balasaryanın Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq vaxtilə Azərbaycan vətəndaşı olmuş ermənilərin yenidən Qarabağa qaytarılması üçün onlara yardımçı olmasına xahiş etməsi məsələsinə münasibət bildirib və bu cür yanaşmaların Rusiyanın yenidən iki ölkə arasında davam edən sülh danışıqlarına müdaxiləsinə, regionda sülhün və təhlükəsizliyin yenidən qızışmasına yol açması ilə nəticələnə biləcəyini diqqətə çatdırıb. Partiya rəsmiləri məhz rus sülhməramlı kontingentin gizlin vasitəçiliyi ilə qaçıb Ermənistana sığınan V.Balasaryan və digər müharibə canilərinin də tutulub bu gün Azərbaycanın ədalət məhkəməsində mühakimə edilən digər hərbi canilərin sırasına qatılması üçün bütün vasitələri işə salmağa çağırıb.

İdarə Heyəti son vaxtlar yaşadığı evləri tikinti planına salınan vətəndaşların zorla, qeyri-qanuni söküntü işləri aparılmaqla evlərindən çıxarılması faktının kütləvi xarakter almasından ciddi narahat olduğunu bildirib və vətəndaşlarla bu cür qeyri-insanı davranışı onların mülkiyyət hüququna qəsd kimi dəyərləndirib, hakimiyyət yetkililərini insanların sosial haqlarının pozulmasna yönəlik hərəkətlər edən cavadeh şəxsləri cəzalandırmağa çağırıb.

İdarə Heyəti Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Ö.Özələ qarşı cinayətkar keçmişi ilə tanınan şəxs tərəfindən edilən hücumdan ciddi narahat olduğunu bildirib və bu cür hərəkətlərin, daxili təlatümlərin, xarici təhdidlərin yaşandığı qardaş Türkiyə üçün arzuolunmaz hadisə olduğunu qeyd edib və ölkə iqtidarını belə bir həssas dönəmdə daxili gərginliklərə, qarşıdurmalara yol aça biləcək belə halların qarşısını almağa çağırıb.

İdarə Heyəti Türkiyə prezidenti R.T.Ərdoğanın Şimali Kiprlə bağı son vaxtlar yaranan gərginliklərdən, adanın rum kəsiminə aid hissəsinin dövlət kimi tanınmasına baxmayaraq türk kəsiminə aid hissəsinin tanınmasında göstərilən tərəddüdləri nəzərə alaraq Türkiyə ilə Şimali Kiprin iki dövlət prinsipi əsasında yolunu davam etdirməyin zəruriliyi barədə bəyanatını təqdir edib və hakimiyyəti bu məsələdə həmişə olduğu kimi qardaş Türkiyənin yanında olmağa, ona hər cür siyasi dəstək verməyə çağırıb.

İdarə Heyəti son günlər Hindistanla dost Pakistan arasında yaranan hərbi qarşıdurma faktından ciddi narahat oduğunu, bu qarşıdurmanın təkcə iki dövlət arasında deyil, onların arxasında duran qlobal güclərin arasında olduğuna diqqət çəkib və hər iki tərəfi yaranmış münaqişənin siyasi, diplomatik yolla həll edilməsi üçün səylərini artırmağa, hakimiyyəti isə, ölkəmizin istiqlalını tanıdığı ilk gündən bu baxta qədər Azərbaycan xalqının yanında olan, ona hər cür hərbi, siyasi dəstək verən Pakistanın haqq işində qardaş Türkiyə ilə yanaşı siyasət izləməyə çağırıb.

İdarə Heyəti hazırda həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun səhhətində yaranmış ciddi problemlərdən dərin narahatçılıq keçirdiyini bildirib, ölkə başçısını humanizm prinsiplərinə söykənərək Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı müstəsna səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Hazırladı: KƏNAN

 

Chosen
0
1
hurriyyet.az

2Sources