EN

AZAL-ın Hindistana uçuşları artırması düzgün qərar sayılmır...


Sədrəddin Soltan: "Hindistan regionda Azərbaycanın fəal ticarət tərəfdaşlarından biridir, ona görə də Hindistanın Pakistana qarşı iddialarının arasında müəyyən fərqli yanaşmalar var"

Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq. AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Eyni zamanda, AZAL həftədə 4 dəfə Bakıdan Munbaya, 3 dəfə isə Nyu-Dehliyə reyslər həyata keçirir.

Hindistanın müttəfiqimiz ooan Pakistana təcavüz təhlükəsinin artdığı vaxtda AZAL-ın bu ölkəyə uçuşları intensivləşdirməsində məntiq varmı?

Pakistan bizdən inciməzmi?Onlar Bakıya gəlmək istəyirlərsə öz aviaşirkətləri ilə gəlsələr olmazmı?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, düzdür, Pakistan Azərbaycanla müttəfiqdir, strateji tərəfdaşdır, bir-birlərinə siyasi, hərbi, iqtisadi və s. istiqamətlərdə dəstək verir: "Pakistanla Hindistan arasındakı münaqişədə Azərbaycan birmənalı şəkildə Pakistanın haqlı mövqeini müdafiə edir. Cammo və Kəşmir vilayətinə görə Hindistanla Pakistan arasında olan münaqişələrdə həmişə Azərbaycan mövqei haqlı olduğuna görə Pakistanın yanında olub. Son hadisələr zamanı da Azərbaycan tərəflər arasında yaranmış gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib.

O ki qaldı uçuşlar məsələsinə, nə Azərbaycan, nə də Pakistan tərəfi Hindistana qarşı sanksiyalar tətbiq etmək barədə qərar qəbul etməyib. Eləcə də Azərbaycan və Pakistanın üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşmilatı, yaxud da BMT TŞ Hindistana qarşı heç bir sanksiya tətbiq etməyib. Eyni zamanda, Pakistanın Hindistana sanksiya tətbiq etməklə bağlı Azərbaycana müraciəti olmayıb. Bu dövlətlər arasında iqtisadi əlaqələr hələlik sərbəst şəkildə davam edir. Hindistanla Pakistan arasındakı gərginliyin aradan qaldırılmasında Azərbaycan da vasitəçilik edə bilər. Düzdür, son illər Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır.

Bununla belə Azərbaycanla Hindistan arasında iqtisadi əlaqələr Ermənistanla Hindistan arasındakı iqtisadi-ticarət əlaqələrindən daha genişdir. Yəni Hindistan regionda Azərbaycanın fəal ticarət tərəfdaşlarından biridir, ona görə də Hindistanın Pakistana qarşı iddialarının arasında müəyyən fərqli yanaşmalar var. Nə Pakistan, nə də Azərbaycan tərəfi aprelin 26-da baş vermiş silahlı hücumu terror adlandırmır. Sadəcə olaraq Hindistan tərəfi bu hadisə ilə bağlı Pakistanı günahlandıran bəyanatlar verir. Beynəlxalq ictimaiyyət, ABŞ, dünyanın aparıcı digər gücləri, qonşu dövlətlər, Türkiyə yaranmış münaqişənin aradan qaldırılması üçün tərəfləri danışığa çağırır. Hesab edirəm ki, Hindistana qarşı sərt davranışlar xoşagəlməz ciddi hadisələrin baş verməsinə vəsilə ola bilər. Ona görə də Azərbaycan tərəfi iqtisadi əməkdaşlığı üstün tutaraq, Hindistanla münasibətləri pozmamaq üçün əlaqələri davam etdirməyə üstünlük verir".

Akif NƏSİRLİ

Chosen
0
baki-xeber.com

1Sources