EN

Moskva İrəvanı hədələdi - Simonyan Kremlə "casusunu yığışdır" mesajı verdi...


“Ümid edirik ki, erməni tərəfdaşlar Qərbdəki "Rusiyafob" dairələrin onların ölkəsindən Rusiyaya qarşı regionda “ikinci cəbhə” açmaq üçün istifadə etməsinə yol verməyəcək”. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. Amma erməni rəsmilərinin açıqlamaları tamam fərqli mənzərədən xəbər verir.

Bu bardə danışmazdan öncə qeyd edək ki, Sergey Kopırkin “168 jam” qəzetinə müsahibəsində olduca maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Ermənistanın suveren ölkə kimi, şübhəsiz ki, istədiyi ölkə ilə münasibətləri inkişaf etdirmək hüququ var. Diplomat, həmçinin Cənubi Qafqazdakı proseslər barədə də danışıb: “Rusiya tərəfi Cənubi Qafqazın taleyini, gələcəyini region ölkələri və onların qonşuları müəyyən etməli olduğu fikrini dəfələrlə ifadə edib. Cənubi Qafqazda firavanlığın və sabitliyin açarı inklüziv dialoq, bütün ortaya çıxan problemlərə qarşılıqlı məqbul cavabların axtarışı və xarici qüvvələrin regionu xarici geosiyasi sxemlərə cəlb etmək cəhdlərinin neytrallaşdırılmasıdır. Biz bu anlayışa uyğun hərəkət edərək, “3+3” regional əməkdaşlıq platformasının yaradılmasını fəal dəstəkləmişik. Artıq xarici işlər nazirləri səviyyəsində iki sessiya çağırılıb. Növbəti görüşlər tərəflərin müəyyən etdiyi qaydada İrəvan və Bakıda baş tutmalıdır. Eyni çərçivədə, lazımi şərtlər yetişdikcə, regional təhlükəsizlik məsələlərini müzakirə etmək tamamilə mümkündür”. Səfir söyləyib ki, Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək üçün hər cür səy göstərməyə hazırdır. Səfiri narahat edən əsas məsələ isə Ermənistanın Qərblə işbirliyini gücləndirməsdidir. Elə bu fonda Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya Ermənistana qarşı hibrid müharibə aparır. Simonyan bildirib ki, kənardan Ermənistanı məhv etmək üçün çoxlu pul xərclənir”. “Şimali qonşu?” sualına spiker belə cavab verib: "Bəli, Rusiya". Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır və o, vaxtaşırı qızışdırılır. Bu işə erməni soyadlı bəzi rusiyalı ekspertlər cəlb olunur, “hakimiyyəti dəyişməyə”, mitinqlər elan etməyə çalışırlar. Alen Simonyan əmindir ki, bu cəhdlər 2026-cı il seçkilərinə qədər fəallaşacaq və əks-effekt verəcək, "Vətəndaş müqaviləsi"nin reytinqi ikiqat artacaq. Ümumən Simonyan xalqa güvəndiyi üçün çevriliş təhlükəsini görmür. Onun sözlərinə görə, 2020-ci ildən oxşar məqsədlər qoyulub və heç bir nəticə yoxdur. "Nikol Paşinyanın Rusiya Federasiyası üçün niyə arzuolunmaz şəxsdir" sualına Simonyan özünü təəccübləndirib: "Niyə arzuolunmazdır? Bizə bunun əksini deyirlər". Milli Məclisin sədri hibrid müharibənin səbəblərinə qayıdaraq qeyd edib ki, Ermənistanın müstəqilliyi hamının xoşuna gəlmir: “Onların fikrincə, Ermənistan hər zaman hansısa mərkəzdən asılı, "böyük qardaşı" olmalıdır və düşünməlidir ki, "böyük qardaş" və ya super güc olmasa, yeyiləcək və varlığını ona borcludur”. Alen Simonyan onu da bildirib ki, Robert Köçəryan Ermənistan Respublikasında Rusiyanın casusu statusuna malik bir şəxsdir. O qeyd edib ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiyanın maraqlarına xidmət edən və bu istiqamətdə xidmətlər göstərən bir siyasətçidir. Siyasi bəyanatlar vermək hüququnun olduğunu deyən Simonyan jurnalistlərə bildirib ki, casusluqla bağlı faktlara malik olmasa da, o, siyasətçidir və keçmiş prezident və onun rəhbərlik etdiyi “Hayastan” blokunun nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanat verir. Spikerin qiymətləndirməsinə görə, bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür. O həmçinin Belarusun nümunəsinə uyğun olaraq Ermənistanın İttifaq dövlətinə qoşulmasına tərəfdar olan Gümrünün yeni meri Vardan Qukasyanın mövqeyini xatırladıb. A.Simonyan bu səbəbdən R.Köçəryanı Rusiyanın maraqlarına xidmət edən siyasi xadim hesab edir. Vardan Qukasyan onun sözlərinə görə, Robert Köçəryan tərəfindən dəstəklənir. Ekspertlər vurğulayır ki, 2026-cı il Ermənistanda parlament seçkilərinin yaxınlaşmasını nəzərə alsaq, müxalif qüvvələr, Rusiyaya bağlı dairələr daha da aktivləşib. İrəvan küçələrində baş verənləri də onlar idarə edirlər. Məsələnin bir tərəfi odur ki, Qarabağdan könüllü gedən erməniləri kənd yerlərinə yerləşdirmək istəyirdilər. Amma torpaqlarımızı öz istəkləri ilə tərk edən ermənilər sərhəd kəndlərində yaşamaqdan imtina edirlər. Çünki düşünürlər ki, bir müddət sonra həmin bölgələrdən də çıxmaq məcburiyyətində qala bilərlər. Ona görə də paytaxta yaxın ərazilərdə ev istəyirlər, özlərinə şərait qurulması tələbi ilə çıxış edirlər. Rusiya da bundan istifadə edir. Bu fonda “Vedomosti” nəşri Kremlin daxili siyasət blokunda yeni prioritetlərin olduğunu yazır. Nəşrin məlumatına görə, hazırda Ermənistanda informasiya işinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyində olan şəxslər cavabdehdirlər. Bu missiya ona Dmitri Kozakdan keçib. Daha əvvəl Kiriyenko Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Donbass qondarma “respublikalarına”, eləcə də Moldovaya nəzarət edirdi. İndi əsas işi Ermənistandır. Mənbələrin bildirdiyinə görə, əsas məqsəd “yumşaq güc” mexanizmləri vasitəsilə Rusiyanın maraqlarını qorumaq və irəliyə aparmaqdır: “Hazırda Ermənistanda heç bir seçki hədəfi yoxdur. Parlament seçkilərinə iki il qalıb. Kreml isə gündəmin müəyyənləşdirilməsinə və informasiya təsirinə fokuslanıb. Rusiya İrəvanda getdikcə artan Qərb təsirindən narahatdır, bunun qarşısını almaq istiqamətində işləyirlər. Ermənistanla bağlı işləri Prezident Administrasiyasının üç strukturu həyata keçirir: daxili siyasət (Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili (Aleksandr Xariçev) və ictimai layihələr (Sergey Novikov). Rusiya hesab edir ki, hazırkı baş nazir Nikol Paşinyan 2026-cı il seçkilərində də böyük ehtimalla qalib gələcək. Kremlin də məqsədi hakimiyyəti dəyişmək yox, varlığını və təsirini qorumaqdır. Ermənistanda praktiki olaraq rusiyapərəst siyasətçi qalmayıb. Daxili siyasətdə Moskvanın keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan başqa fiqurları yoxdur”.

Nahid SALAYEV

Chosen
0
baki-xeber.com

1Sources