EN

CNN: Avropa ABŞ olmadan Rusiyanı dayandıra bilməz

Trampın planları Avropanı hərbi baxımdan təlaşa salıb – NATO ölkələri hazırlıqlarını artırır
 
Moderator.az xəbər verir ki, CNN telekanalının yayımladığı analizdə Avropanın ABŞ olmadan Rusiyaya qarşı effektiv müqavimət göstərmək imkanlarının şübhə altında olduğu bildirilib.
 
Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Avropadakı hərbi kontingentin sayını azaltmaq planları fonunda NATO-ya üzv ölkələr mümkün toqquşmalara hazırlaşmaq məqsədilə müdafiə xərclərini və hazırlıqları artırmağa başlayıblar.
 
CNN-in analizinə görə, Avropa ölkələri böyük ordulara malik olsa da, onların müasir texnologiyaya, hərbi təcrübəyə və real döyüş hazırlığına ciddi ehtiyacı var. Xüsusilə nüvə çəkindiriciliyi sahəsində də Avropa ölkələrinin ABŞ-dan asılılığı yüksəkdir. Hazırda yalnız Böyük Britaniya və Fransanın nüvə arsenalı var və bu güc Rusiyanın nüvə potensialının təxminən 10 faizinə bərabərdir. ABŞ-ın Avropada yerləşdirdiyi nüvə başlıqları isə regionun təhlükəsizlik balansını qoruyan əsas amillərdəndir.
 
Avropanın hərbi xərcləri artır, amma nəticələr illərlə gözlənilə bilər
 
Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra Avropanın müdafiə xərcləri 54 faizdən çox artıb. Böyük Britaniya, Fransa və Almaniya ordularını modernləşdirmək üçün milyardlarla dollar sərmayə ayırıb. Lakin CNN bildirir ki, bu yatırımların real təsiri yalnız bir neçə ildən sonra özünü göstərəcək.
 
Buna qarşılıq, Polşa kimi Rusiya ilə sərhəddə yerləşən ölkələr sürətli hərəkət edir və daha çevik hərbi hazırlıq planları həyata keçirirlər.
 
ABŞ-ın hərbi çəkilməsi və “soyuq müharibə” fərqi
 
Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi mövcuddur – əsasən Almaniya, Polşa və İtaliyada. Bu, "soyuq müharibə" dövründəki 500 minlik ABŞ qüvvəsi ilə müqayisədə olduqca azdır. Tramp administrasiyasının bu qüvvələrin bir hissəsini Cənubi Çin dənizi regionuna yönəltmək istədiyi vurğulanır.
 
Bütün bu faktorlar fonunda Avropa ictimaiyyətinə müharibəyə hazır olmağın vacibliyi barədə xəbərdarlıqlar edilir. Alman tarixçi Zönke Naytsel CNN-ə açıqlamasında bildirib ki, Rusiyanın 2025-ci ilin payızında Baltik ölkələrindən Litvaya hücum ehtimalı realdır.
Chosen
0
moderator.az

1Sources