EN

İtaliyada qalmaqal: israilli cütlük restorandan qovulub, onlar "uşaq qatilləri" adlandırılıb

"Sizin burada yeriniz yoxdur, çünki sionistlər 50 min fələstinlini qətlə yetirib..."
 
Neapoldakı restoranda baş vermiş insident İtaliya mediasında böyük ajiotaja səbəb olub. Qalmaqalın mərkəzində İsraildən olan ər-arvad və onları restorandan qovmuş restoran sahibi dayanır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, ötən şənbə günü günorta vaxtı israilli turistlər - Raul və Gili Mozes cütlüyü Neapolun mərkəzində yerləşən "Taverna a Santa Chiara" restoranında nahar etmək üçün masa arxasında əyləşib. Lakin sifariş verdikdən az sonra ivrit dilində danışmağa başlayan cütlüyə restoran sahibi Nives Monda xidmət göstərməkdən imtina edib və bildirib: "İsraillilərin  burada yeri yoxdur". Hadisə videoçəkilişə alınıb və İtaliya mediasında geniş işıqlandırılıb.
 
Qeyd edilir ki, restoran sahibi prinsipial mövqe nümayiş etdirərək, israillilərin restorandan çıxmasını tələb edib. Cütlük sadəcə turist olduqlarını izah etməyə çalışsa da, qadın israrla tələbində qalaraq ödəniş qəbul etməyib və onları "uşaq qatilləri" adlandırıb.
 
Sözlü mübahisə zamanı Raul və Gili Monda xanımı terrorçulara yardımda və antisemitizmdə ittiham edib və izahat tələb ediblər. Qadın isə cavabında deyib: "Bizə pulunuz lazım deyil. Sionistlər burada xoş qarşılanmır, çünki siz 50 min fələstinlini öldürmüsünüz". Turistlər isə cavab verib: "İki min illik yəhudi təqibi sizə az görünür?"
 
Sonradan restoranın "Facebook" səhifəsində Monda qürurla bildirib ki, o və restoranı "Spazi Liberi dall'Apartheid Israeliana" ("İsrail aparteidindən azad məkanlar") kampaniyasını dəstəkləyir. Bu Avropa hərəkatı açıq şəkildə ictimai iaşə obyektlərinin sahiblərini israilliləri və onların "həmkarlarını" boykot etməyə çağırır. Mondanın sözlərinə görə, boykot "dinc müqavimət" və "əzilənlərin müdafiəsi"dir.
 
Hadisə İtaliya cəmiyyətində ziddiyyətli reaksiyalara səbəb olub: bəziləri restoran sahibinin davranışını qınayıb, digərləri isə onun qətiyyətli anti-İsrail mövqeyini dəstəkləyib. İtaliyadakı İsrail səfirliyi bu davranışı "nifrətin qəbuledilməz təzahürü" adlandırıb və rəsmi reaksiya tələb edib. Sosial şəbəkələrdə bir çox istifadəçi artıq həmin restoranın özünün boykot olunmasına çağırıb, hüquq müdafiəçiləri isə diskriminasiya ilə mübarizə aparan yerli orqanlara müraciət hazırlayır.
 
Mozes ailəsi müsahibəsində baş verənlərdən şok yaşadıqlarını və İtaliyada belə münasibətlə qarşılaşacaqlarını gözləmədiklərini bildirib. Raul Mozes deyib: "Biz heç bir siyasi şüar səsləndirmirik, sadəcə turistik. Bizi yalnız İsraildən olduğumuza görə alçaldılmışıq".
 
Bu hadisə çoxsaylı anti-İsrail kampaniyaları silsiləsində növbəti insidentə çevrilib və Avropada artmaqda olan gərginliyi bir daha ön plana çıxarıb. Burada həm yerli yəhudilər, həm də israilli turistlər Fələstin-İsrail münaqişəsinin əks-sədalarının təsirini öz üzərlərində hiss edir.
Chosen
0
moderator.az

1Sources