EN

Tramp ABŞ-ı II Dünya müharibəsinin qalibi saydı - Bakıda tarixçilər buna nə deyir...


Akif Nağı: "Hər iki müharibədən daha çox qazanc götürən Amerika oldu, bu mənada udublar"

ABŞ prezidenti Donald Tramp Amerika təqvimində eyni vaxtda iki bayramın adını rəsmən dəyişdirmək niyyətində olduğunu açıqlayıb: amerikalılar Birinci və İkinci Dünya müharibələrində Qələbə Gününü qeyd edəcəklər.

Noyabrın 11-də ABŞ-ın Milli Veteranlar Günü (Böyük Britaniyada Xatirə Günü kimi qeyd olunur) Birinci Dünya müharibəsində Qələbə Günü adlandırılacaq. Tramp bunu Almaniya İmperiyası üzərində qələbəyə ABŞ-ın töhfəsini düzgün qiymətləndirmək zərurəti ilə izah edir.

ABŞ-da rəsmi olaraq Avropada Qələbə Günü kimi tanınan 8 May, müvafiq olaraq İkinci Dünya müharibəsində Qələbə Gününə çevriləcək.

Tramp bu planları özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşıb. Bu məsələ ilə bağlı müvafiq fərman hələ dərc edilməyib, ona görə də mayın 8-nin federal dövlət bayramı kimi təsdiqlənəcəyi hələ bəlli deyil. Çünki qanunla yalnız ABŞ Konqresinin belə səlahiyyəti var.

Yeni Orleandakı Amerika Milli İkinci Dünya Müharibəsi Muzeyinin açıq dərc edilmiş statistikasına görə, İkinci Dünya müharibəsi zamanı cəmi 420.000 amerikalı həlak olub, onlardan 415.000-i birbaşa hərbi itkilərdir.

Eyni zamanda, tarixçilərin hesablamalarına görə, İkinci Dünya müharibəsi zamanı 10 milyona yaxın sovet hərbçisi və 15,5 milyon mülki şəxs həlak olub. Sovet respublikaları arasında ən çox canlı itki verəni RSFSR, Ukrayna və Belorusiya sovet respublikaları olub.

İkinci Dünya müharibəsində həlak olanların ümumi sayının Britannica Ensiklopediyasına görə 35 milyondan 60 milyona qədər adam olduğu təxmin edilir.

Tramp isə qürurla deyir ki, hər iki dünya müharibəsini biz udmuşuq. Heç bir müharibəni nə Amerika başlayıb, nə də bitirib. Eyni zamanda, göründüýü kimi, Amerika ən az canlı itki verən dövlətlər siyahısındadır. Lap doğrudan da bu cür olsa belə, bu qədər insan itkisinə səbəb olan müharibəni udmaqlaqururlanmağa dəyərmi? İkincisi, doğrudanmı hər iki müharibəni ABŞ udub?

Baki-xeber.com saytına məsələ ilə bağlı açıqlamasında politoloq Akif Nağı bildirdi ki, Trampın bu cür volyuntarist bəyanatları sovet liderlərindən olan Xruşşovu xatırladır. O da heç kimlə məsləhətləşmədən ağlına gələn qərarları qəbul edirdi.

Tramp nə istədiyin hələ özü də bilmir, gah Papa olmaq, gah Amerika imperatoru adı qazanmaq istəyir. Tramp qeyri-eksstentrik - normaları gözləməyən bir siyasətçidir. Ona görə də zaman-zaman bu cür qeyri-standart qərarlar və bəyanatlar verir.

Birinci Dünya müharibəsi ilə bağlı Almaniyanın təslim aktını imzalaması günü kimi 11 noyabr tatixi hamı tərəfindən qəbul edilir. İkinci Dünya müharibəsi ilə bağlı isə 8 may tarixi Almaniyanın SSRİ və müttəfiqləri qarşısında təslim olduğu gün kimi tarixə düşüb. Amma İkinci Dünya müharibəsinin başa çatma tarixi kimi 2 sentyabr götürülür. Çünki həmin gün Yaponiya təslim aktını imzaladı. Amerikalılar ona görə 8 may tarixini qələbə günü kimi götürürlər ki, onlar Yaponiyanın təslimi barədə danışmağa utanırlar. Çünki ABŞ müharibə bitəndən sonra - avqustun 6-da və 9-da Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdı. Amerikalılar o biabırçılığı dünyaya unutdurmaq üçün İkinci Dünya müharibəsinin dəqiq tarixi sonluğunu dilə gətirmirlər. Ola bilsin ki, başqa maraqları da var.

Hər iki müharibədə Almaniya təslim aktına qol çəkib. Trampın buna da diqqət çəkmək amacı ola bilər. Çünki Almaniya və Fransa Avropada Amerikaya qarşı güc mərkəzinə çevrilməyə çalışır. Ola bilsin ki, o, Almaniyaya mesaj verir ki, hər iki dünya müharibəsində biz sizə təslim aktını imzalatdırmışıq.

Digər tərəfdən, Tramp qürrələnməyə əsas axtarır, onun buna psixoloji ehtiyacı var.

İtkilərin sayı barədə danışmaq istəmirəm, çunki müxtəlif mənbələr ən müxtəlif rəqəmlər səsləndirir. Belə bir deyim var, müharibənin ilk qurbanı həqiqət olur. Min il bundan əvvəlki müharibə ilə bağlı da tam həqiqəti üzə çıxarmaq mümkün deyil. Amma bu həqiqətdir ki, Amerikanın itkiləri hər iki müharibədə cüzi olub. Birinci Dünya müharibəsinə 3 il sonra - 1917-ci ildə qoşuldular, İkinci Dünya müharibəsinə isə qoşulmağa 1943-ci ildə keçirilən Tehran konfransında razılaşdılar, amma ikinci cəbhəni bir il sonra - 1944-cü ildə açdılar. Amerika hər iki müharibə sonlanana yaxın bəhrələnmək, qənimətdən pay almaq üçün müharibəyə qoşuldu.

Amma hər iki müharibədə müharibəyə qoşulana qədərkı dövrdə döyüşən tərəflərə böyük həcmdə silah-sursat və digər resurslar sataraq külli miqdarda qazanc əldə etdilər. Digər tərəfdən, ABŞ SSRİ-yə və digər müttəfiqlərinə lend-liz ((ing. lend - borc vermək və ing. lease - kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) - İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramı) çərçivəsində təminat vermişdi ki, onu da sonradan geri ödəməyi tələb etdi. Müharibədən sonra isə "Marşal planı"nı ortaya atdılar. Həmin plan müqabilində müharibədə məğlub olmuş ölkələrə "yardım göstərirdilər" ki, vəziyyətdən çıxsınlar. O vaxt buna ironik olaraq "Amerika yardımı" deyirdilər, çünki bu əslində yardım deyildi, ölkələri özündən asılı vəziyyətə salıb, böyük qazanc əldə etmək yolu idi. İndi də ABŞ Ukraynanı həmin vəziyyətə salıb. Əvvəl guya yardım verirdilər, indi isə verdiklərinin dəyərini beşqat geri istəyirlər. Amerikanin "köməyi" həmişə bu cür mahiyyət daşıyıb.

Hər iki müharibədə hərbi əməliyyatların gedişində Amerikanın elə ciddi bir rolu olmayıb. Bu müharibənin əsas ağırlığı Sovet İttifaqının üzərinə düşüb, müharibəni SSRİ aparıb. Ən böyük itkini də SSRİ verib - 27 milyon əhalisi qırılıb. Azərbaycandan 600 min nəfər müharibəyə gedib, onlardan 300 mindən çoxu müharibədə həlak oldu. O vaxt Azərbaycanın təxminən 2,5 milyon əhalisi var idi. Bu, Azərbaycan üçün böyük itki idi.

Amerikadan daha çox İngiltərə, Fransa və digər Avropa ölkələri döyüşdü, amma həlledici güc SSRİ idi. 1944-cü ildə Amerikanin məhdud hərbi kontingenti döyüşlərdə iştirak edirdi. Ona görə də Trampın hər iki müharibəni biz udmuşuq deməyə heç bir haqqı yoxdur. Amma hər iki müharibədən daha çox qazanc götürən Amerika oldu, bu mənada udublar. ABŞ ərazisində müharibə getmədi, itkilərə və dağıntılara məruz qalmadı, üstəgəl, döyüşən tərəflərə resurslar satmaqla külli miqdarda qazanc əldə elədi.

30-cu illərdə Amerika dərin iqtisadi böhran keçirirdi. Həmin böhrandan ölkəni Franklin Ruzvelt çətinliklə çıxarmağa çalışırdı ki, müharibə başladı və bu, ABŞ iqtisadiyyatının inkuşafına təkan oldu. Bu baxımdan İkinci Dünya müharibəsini udan yox, qazanan ABŞ oldu.

Dünya əhalisinin kütləvi şəkildə qırılması ilə nəticələnən bir müharibəni udmaqla qürrələnmək mənəviyyatsızlıqdır. Müharibələrdə adətən böyük mənada qalib olmur. Bu da Trampın məhdud düşuncə tərzindən və dünyagörüşündən irəli gəlir - özünü müharibə qəhrəmanı kimi təqdim etmək istəyir. Hər iki müharibə ədalətsiz idi. Hər iki müharibədə mülki əhali daha çox qırılıb. Bu, normal siyasətçi mövqeyi deyil".

Akif NƏSİRLİ

Chosen
0
baki-xeber.com

1Sources