Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 10-dan iyun ayının 10-dək ölkə ərazisində "Təmiz hava" aylığı tədbiri həyata keçiriləcək.
Korrespondent.az bildirir ki, bu barədə ETSN məlumat yayıb.
Tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.
"Sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik", - deyə məlumatda bildirilib.