EN

İkinci Türk İnteqrasiya Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı, 5 may, AZƏRTAC

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi uğurla başa çatıb və qaliblər mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsinin üzvləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Olimpiadanın ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq bildirib ki, TİO-nun builki buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər. Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird biliyini sınayıb.

Diqqətə çatdırılıb ki, olimpiadanın ölkə seçim mərhələsi aprel ayında onlayn formada təşkil olunub. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3 mindən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 -i final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20-si qızıl, 20-si gümüş, 20-si isə bürünc medalla təltif edilib.

Bundan əlavə ən yüksək nəticə göstərən 3 şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edib.

Mükafatlandırma mərasimində qaliblərə medallar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

İştirakçılar içərisində “Yaxşıların yaxşısı” nominasiyasının qalibi olan şagird “Qızıl alma” mükafatına layiq görülüb.

Qeyd edək ki, Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının builki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycanda Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Qazaxıstanın Turan Universiteti, Azərbaycan Televiziyası və Hədəf Şirkətlər Qrupudur.

TİO Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.

Chosen
0
azertag.az

1Sources