EN

Əhməd Cavadın məzarı yoxdur, amma ruhu bütün türk dünyasında yaşayır Nəticəsi danışır

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Əhməd Cavad bir şeirə görə hətta həbs olunub. Ümumilikdə isə Əhməd Cavad üç dəfə həbs olunub. "Qoynunda yer vardı ulduza, Aya" misralarına görə o, təqib olunub".

Bunu mayın 5-də 133-cü doğum gününü qeyd etdiyimiz Azərbaycanın istiqlal şairi Əhməd Cavadın nəticəsi Cavad Axundzadə Oxu.Az-a açıqlamasında deyib.

O, ulu babasının irsindən, ailənin yaşadığı çətinliklərdən və gələcək arzularından danışıb:

"Adını qürurla və fəxrlə daşıdığım ulu babam Əhməd Cavad Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifidir. Eyni zamanda, türk dünyasının birliyini ifadə edən "Çırpınırdı Qara dəniz" marşının da müəllifidir. Mən hər zaman vurğulamışam ki, Əhməd Cavad yalnız şair deyildi, həm də mübariz idi. Onun bir əlində qələm, bir əlində silah olub. Bildiyiniz kimi, Birinci Dünya müharibəsində o, Türk ordusu sıralarında Balkan cəbhəsində vuruşub. Sonradan isə türklərin azadlıq simvoluna çevrilən həmin marşı yazıb".

C.Axundzadə deyib ki, babası barədə ona ən çox nənəsi Şükriyyə xanım danışıb:

"Babamın adını da mənə məhz Şükriyyə nənəm vermişdi. Onunla bir müddət Bakıda birlikdə yaşamışıq. Daha sonra o, Şəmkirə köçdü, amma mən hər qış və yay tətilində onun yanına gedirdim. Biz ailədə Əhməd Cavada "Cavad baba" deyirdik. Şükriyyə xanım həm də Əhməd Cavadın ağır taleyini bölüşən şəxs olub. 1937-ci ildə ona təklif olunub ki, Əhməd Cavaddan imtina etsin, uşaqları götürüb Batumiyə köçsün, amma o, bu təklifə: "Cavad haradadırsa, mən də oradayam", - cavabını verib".

Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım uzun illər Qazaxıstanın Akmola vilayətində sürgündə yaşayıb. Cavad Axundzadə həmin dövrün məşhur düşərgəsinin "ALJİR" - "Xalq düşmənlərinin arvadlarının düşərgəsi" adlandığını xatırladıb.

C.Axundzadə deyib ki, Əhməd Cavadın adını açıq-aşkar yalnız müstəqillikdən sonra hiss etməyə başlayıb:

"Məktəbdə müəllimlər məni təqdim edirdilər ki, bu uşaq himnimizin müəllifi Əhməd Cavadın nəticəsidir. Sovet dövründə isə bu adın çəkilməsi belə təhlükəli idi. Şükriyyə nənəm babamın əlyazmalarını Əlyazmalar İnstitutuna təqdim etmişdi. Görkəmli ədəbiyyatşünas Mir Cəlal Paşayev 1966-cı ildə "Azərbaycan ədəbiyyatı" jurnalında Əhməd Cavadın şeirlərini çap etdirmişdi. Bu, o dövr üçün çox cəsarətli addım idi".

C.Axundzadənin sözlərinə görə, Əhməd Cavadın ən sevdiyi şeirlərindən biri "Göygöl" olub:

"Əhməd Cavad bu şeirə görə hətta həbs olunub. Ümumilikdə isə Əhməd Cavad üç dəfə həbs olunub. "Qoynunda yer vardı ulduza, Aya" misralarına görə o, təqib olunub. Əsərləri bu gün təkcə Azərbaycanda yox, qardaş Türkiyədə də nəşr olunur".

C.Axundzadə deyib ki, Əhməd Cavadın ölüm tarixi ilə bağlı rəsmi qeydlər və versiyalar fərqlidir:

"Vikipediya"da qeyd olunur ki, o, 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə güllələnib, amma mən 2010-cu ildə Milli Məclisin nəşr etdiyi bir jurnalda oxudum ki, arxiv sənədlərinə əsasən, Əhməd Cavad oktyabrın 11-də ağır işgəncələr nəticəsində vəfat edib. Ondan sonra ailəmiz üçün əzab dolu illər başladı. Şükriyyə xanım sürgünə göndərildi. Böyük oğlu həbs olundu, digər övladları isə internatlara yerləşdirildi. Şükriyyə xanım isə illərlə inanırdı ki, Cavad sağdır. Sürgündən qayıdanda ona məktublar yazırdı".

Şairin nəticəsinin sözlərinə görə, bu gün onların ailəsinin və bütün Azərbaycan ictimaiyyətinin Əhməd Cavadla bağlı bir ümumi arzusu var:

"Bu gün Əhməd Cavadın məzarı yoxdur. Sovet rejimi onun harada basdırıldığını gizlədib, amma mən deyirəm ki, Əhməd Cavadın məzarı bütün türk dünyasındadır - Şimali Kiprdən Çin səddinədək. Əhməd Cavadın ruhu yaşayır. 2022-ci ildə Ankarada onun 130 illiyinə həsr olunmuş abidə ucaldılıb, amma bizim ən böyük istəyimiz odur ki, onun nəşinin yeri müəyyənləşsin və biz onun doğum günündə məzarını ziyarət edə bilək. Eyni zamanda, istəyirik ki, Bakı şəhərinin mərkəzində də Əhməd Cavadın heykəli ucaldılsın. Bu, tək bizim yox, bütün Əhməd Cavad sevərlərin, vətənpərvərlərin arzusudur".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources