EN

Ermənistan ABŞ-da uduzduğunu anladı - ili 50 min dollara lobbi təşkilatı tutdular...


Elşən Manafov: “Trampın hakimiyyətə gəlməsi Ermənistana münasibətin dəyişməsinə səbəb olub”

Erməni mediasının yaydığı məlumata görə, Ermənistan hökuməti keçmişdə Türkiyənin Vaşinqtondakı səfirliyini təmsil edən, lobbiçilik və ictimai əlaqələrlə məşğul olan Amerikanın Merkuri İctimaiyyətlə Əlaqələr Təşkilatı ilə müqavilə bağlayıb.

Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) əsasında ABŞ Ədliyyə Nazirliyinə təqdim edilən hesabata görə, Ermənistan səfirliyi ilə əməkdaşlıq 2025-ci il aprelin 1-dən başlayıb. Müqaviləyə əsasən, “Mercury Public Affairs” şirkətinə konsaltinq xidmətlərinin göstərilməsi üçün ayda 50 min dollar ödəniləcək. Onların arasında məqsədlərdən biri də Cənubi Qafqaz regionunda və qlobal maraqlar kontekstində ABŞ-ın mühüm tərəfdaşı kimi Ermənistanın strateji, geosiyasi əhəmiyyətinin təbliği və təqdimatıdır.

Qeyd olunduğu kimi, ildə 50 min dollar verməklə həmin təşkilat Ermənistanın ABŞ-da lobbiçiliyini aparmalıdır. Yəni Cənubi Qafqazda Ermənistanın strateji vacib ölkə olduğu ilə bağlı onları inandırsın və s. Bütün bunlar o deməkdir ki, Ermənistan artıq ABŞ-da axsayır və bu səbəbdən belə lobbi təşkilatına ehtiyac hiss etməyə başlayıb. Bir belə pul verirlər ki, ermənilərin ABŞ-da lobbiçiliyini etsinlər.

“Birləşmiş Ştatlardakı erməni lobbisi artıq əvvəlki təsir gücünə malik deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “ABŞ-da Trampın iqtidara gəlməsi dünya nizamına münasibətdə fərqli baxışlara malik siyasi elitanın dövlət idarəedicilik sükanının arxasına keçməsi ilə qlobal düzəndə qüvvələr nisbətinin dəyişməsinə səbəb olub. Tramp qlobalistlərin yeni dünya nizamı ilə bağlı geosiyasi baxışlarını bölüşmür. Bunun isə başlıca səbəbi bəlli layihənin icrası üçün ABŞ-ın resurslarının tədricən tükənməsidir. Qlobalistlərin yeni dünya nizamına qarşı çıxış edən və onu qəbul etmək istəməyən yeganə ölkə Rusiya olub. Çin isə yeni dünya nizamında ABŞ-ın hegemon liderliyinə qarşı çıxış edir. Yəni Rusiya inqilabın, Çin isə saray çevrilişinin tərəfdarıdır, amma yeni dünya nizamının amerikansayağı formalaşmasına yol verməməkdə tərəflərin maraqları üst-üstə düşür. Tramp məhz buna görə dünya birliyini tarif müharibələri ilə təhdid etməklə dünyanın makroiqtisadi zonalara bölünməsinə çalışır. Onun Avropa İttifaqı, Çin, Hindistan və digər ölkələrdən fərqli olaraq Rusiyaya qarşı tarif siyasətini açıqlamaması Kreml ilə sövdələşməyə gəlmək istəklərindən xəbər verir. Bununla bağlı isə Trampın təkcə Ukrayna deyil, postsovet məkanının gələcək perspektivləri ilə bağlı məsələlərdə Rusiyaya güzəştə getmək niyyətləri ola bilər. Ermənistan Cənubi Qafqaz regionunda qlobalistlərin Rusiyanın xeyrinə olmayacaq layihənin həyata keçirilməsində ötürücü qayış rolunda çıxış edəcək dövlət kimi nəzərdən keçirilirdi. Qlobalistlərin dəstəyi ilə Paşinyan Ermənistanda məhz bu məqsədlə hakimiyyətə gətirilib. Lakin Azərbaycanın Ermənistanla müharibədə qələbəsi Paşinyan və onun ABŞ-dakı havadarlarını sarsıdıb. Digər tərəfdən, Rusiyadan enerji asılılığının hələ də güclü olduğu şəraitdə Sorosçu Paşinyan elitası bu vəzifənin öhdəsindən gələ bilməyib. Trampın ABŞ-da iqtidara gəlməsi rəsmi Vaşinqtonun regionun gələcək müqəddəratı ilə bağlı məsələlərdə Ermənistana olan münasibətin dəyişməsinə səbəb olub. Odur ki, rəsmi İrəvan ABŞ-dakı bəlli lobbiçi təşkilatların dəstəyi ilə Ag EvinErmənistana olan münasibətinin dəyişməsinə səy göstərir. Birləşmiş Ştatlardakı erməni lobbisi artıq əvvəlki təsir gücünə malik deyil. Ermənistan iqtidarı Avropanın siyasi isteblişmentlərində qlobalistlərin hələ də iqtidarda qaldığı şəraitdə onlardan yararlanmaq və Makron Fransasının, habelə Brüssel bürokratiyasının dəstəyi ilə Azərbaycanla qarşıdurmaya tab gətirə bilmək kimi planlara malikdir. Avropa İttifaqındakı qlobalistlər, habelə ABŞ-da erməni diasporası ilə əməkdaşlıq edən bəlli lobbi təşkilatları Ermənistanın Azərbaycanla qarşıdurmada dəstək almağa ümid etdiyi tərəflərdir”.

Vidadi ORDAHALLI

Chosen
0
baki-xeber.com

1Sources