EN

İşxanyan Ermənistan eks-prezidentinin daha çox ərazi işğalı əmrindən danışdı

Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.

Hurriyyet.az xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Mayın 5-də keçirilən məhkəmə prosesində əzəli Azərbaycan torpaqlarının işğalını əks etdirən videomateriallar nümayiş olunub, zərərçəkənlərin ifadələri dinlənilib.

İlk olaraq Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə, “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib. Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib.

O, atası Mehti Məmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindən öldürüldüyünü diqqətə çatdırıb:

“Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunu bildirib.

Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu da deyib:

“1992-ci ilin mayın 8-dək ermənilərin hücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni ona böyük zərər dəyib.

Prosesin davamında Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.

1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahli qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür. Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlib. Videogörüntülərdə Monte Melkonyan Serj Sarkisyana məruzə edir. Serj Sarkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir”, - deyir.

Videomaterialda daha sonra əraziyə baxış keçirilir, Serj Sarkisyan David İşxanyanla söhbət edir. İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Vidematerialda daha sonra Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir. Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb. David İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və Serj Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib.

“Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular”, - deyə mittəhim bildirib.

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb:

“Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan. O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır”.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

AZƏRTAC

Chosen
0
1
hurriyyet.az

2Sources