EN

Ölkəmizdə insan alverinə qarşı hansı tədbirlər görülür? - QURUMDAN AÇIQLAMA

Məlumdur ki, 2009-cu ildən başlayaraq hər il mayın 6-sı Azərbaycanda “İnsan alverinə qarşı mübarizə günü”, mayın birinci həftəsi isə “İnsan alverinə qarşı mübarizə həftəsi” kimi qeyd edilir. SİA mövzu ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Qurumdan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. “Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş tədbirlər

Təhlil: Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında 2022-ci il çərçivəsində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 - 2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.2-ci yarımbəndinə əsasən “Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında uşaq evliliklərinin aşkarlanması üzrə Analitik Hesabat” mövzusunda 100 ədəd və 2023-cü il çərçivəsində "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.2.12-ci bəndinə əsasən "Azərbaycanda erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatına dair" mövzusunda 50 ədəd təhlil hazırlanmış və çap olunmuşdur. Aparılan təhlilərin çap nüsxələrindən hərəsindən 2, ümumilikdə 44 ədəd olmaqla Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 aprel 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri, həmçinin Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi regionlarından olan nümayəndə və fəalların iştirakı ilə müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə adlı təlim proqramı təşkil edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis pokovnik-leytenantı İbrahim Əhmədov çıxış edərək, idarənin yaranması və fəaliyyəti haqqında məlumat verib. O, “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından bəhs edildiyini bildirib. Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb. Qeyd olunub ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.3.6 və 4.5.4 bəndlərinə əsasən 13.02.2024-cü il tarixində Daxili işlər Nazirliyinin yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı Baş Polis İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində dilənçiliklə məşğul olan, küçə həyatına məruz qalan uşaqlar və onların valideynləri, eləcə də insan alverindən zərər çəkməsi ehtimal olunan uşaqlarla profilaktik söhbətlər aparılmış, sosial-məsləhət yardımları göstərilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd dilənçiliklə məşğul olan ailələrin və uşaqların insan alveri qurbanı olmasının, küçə həyatına məruz qalmasının qarşısını almaq, uşaqların təhsilinin davam etdirilməsinə dəstək olmaqdan ibarətdir.

Açıq qapı günləri: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Təhsil Tələbə Kredit Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.5-ci bəndinə əsasən Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-psixoloji xidmətlərin göstərilməsi və məşğulluğun təmin edilməsi işlərinin davam etdirilməsi məqsədilə 29 fevral 2024-cü il tarixdə, saat 10:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin “Məzun evi”nin (ümumilikdə 14 olmaqla: 9 kişi, 5 qadın) sakinləri üçün sosial-məsləhət saatı təşkil edilmişdir. (qurumlardan 3 qadın əməkdaş) Tədbir dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilmişdir. Həssas əhali qruplarından olan şəxslərin əmək bazarının tələblərinə cavab verən peşə, orta ixtisas və ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul zamanı Təhsil Tələbə Kredit Fondunun təklif etdiyi, sosial həssas tələbələr tərəfindən istifadəsi nəzərdə tutulmuş səmərəli kreditlər barədə ətraflı məlumat verilmiş, tədbirin sonunda vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il, 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4. və 5.3.11.-ci, eyni zamanda “İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Plan”nın 4.7.5. və 4.8.5.-ci bəndlərinin icrası ilə bağlı uşaq hüquqlarının qorunması istiqamətində 20 sentyabr 2024-cü il tarixində, saat 15:00-da qurumlararası işin təşkili və fəaliyyətin gücləndirilməsinə dair Astara rayonunda dövlət qurumları və qeyri-dövlət sektorunun nümayəndələri üçün təlim keçirilmişdir. Astara rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, həmçinin kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak etmişdir.

Dövlət Komitəsi tərəfindən insan alveri mövzusunda 500 tiraj maarifləndirici təlimat kitabçası çap olunmuşdur. Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir !”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Kiber zorakılığa son!”, “Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!”, “Övladlarınızı zərərli informasiyadan qoruyun! Valideyn nəzarəti proqramlarından istifadə edin! mövzularında 1000 tiraj maarifləndirici yapışqanlı stiker çap olunmuşdur”.

Ayşən Vəli

Chosen
0
sia.az

1Sources