EN

AİB sədri: Xaotik mal bazarları ləğv olunmalıdır

Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən "Ticarət Mərkəzi" MMC-yə məxsus heyvan satışı bazarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa Günəş şüaları altında saxlandığı, əlyuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Sherg.az-a bildirib ki,  dörd il öncə Qida Təhlükəsizliyi Agentliyində İctimai Şurada olan zaman heyvanların necə gəldi satılması ilə bağlı ciddi mübahisələr edirdim: 

“Tənqidlərə rəğmən dedilər ki, iki il ərzində heyvanların identifikasiyasını tam həyata keçirəcəyik və bundan sonra məsələlər düzələcək. Yəni heyvan dünyaya gələndən onların qulağına dirka vurulacaq və kompüterdə izləmə olacaq. Hansı heyvana hansı baytarlıq dərmanları vurulub və  nə vaxt yoxlanıldığı  tam kəsilənə qədər izləniləcək və Nazirlər Kabinetinin 94  saylı qərarı yerinə yetiriləcək, ətlər paketlərdə olacaq və üzərində buraxılma tarixi hansı fermer təsərrüfatında kəsildiyi qeyd ediləcək. Qida Təhlükəsizliyi Agentliyi heyvanların identifikasiyası məsələsinə heç bir faizdə nail ola bilməyib. Xüsusən də fərdi kənd təsərrüfatlarında bu məsələ yox səviyyəsindədir. Əslində belə xaotik mal bazarları ləğv olunmalıdır. Heyvanlar müəyyən nəzarət altına alınıb kəsilməli və marketlərə çıxarılmalıdır. Lakin biz görürük ki, küçə kəsimi davam edir və Bakı şəhərində küçə kəsimi var. Bunlara son qoymaq lazımdır. Bunun da mövcudluğunun səbəbi odur ki, istehlakçılarla yaxşı maarifləndirmə işi aparılmır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara inamını qazana bildirmir. Ona görə insanlar gözləri ilə gördüyünə üstünlük verir və buradan da mal bazarları meydana çıxır. Bazarlarda müəyyən qayda qanunlar yaradılmalı və ətlər kəsiləndən sonra bir neçə saat xüsusi temperaturda soyudulmalıdır. Malların saxlanma temperaturu məsələsi ciddi problemlərdən biridir. Qida Təhlükəsizliyi Agentliyi nə qədər çalışsa, da qəssablardakı vəziyyəti düzəldə bilmir. Ət alan zaman, ətin təzə olduğuna fikir vermək lazımdır”.  
Chosen
0
sherg.az

1Sources