EN

Dollar ucuzlaşır,  qızıl bahalaşır – Yaxın aylarda manatı  nə gözlənilir?

Dollar ucuzlaşdıqca qızıl bahalaşır. Belə ki, dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi)  0,41% azalaraq 99,62 bənd təşkil edib. Dolların zəifləməsi digər xarici valyuta sahiblərinin qızıla tələbini artırır. ABŞ Federal Ehtiyat Sisteminin may iclası bu həftəyə planlaşdırılıb. CME Group-un məlumatına görə, analitiklərin əksəriyyəti (94,8%) tənzimləyicinin əsas dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayacağını, sorğuda iştirak edənlərin qalan hissəsinin isə 4-4,25%-ə endirilməsini gözləyir. Uçot dərəcəsinin ölçüsü ilə bağlı qərarlar dolların məzənnəsinə təsir göstərə bilər.Bəs bu qeyri-müəyyənliklər dövründə manatı nə gözləyir?
Moderator.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərinin son çıxışlarından belə görünür ki, qurum hələlik gözləmə mövqeyini qorumağa üstünlük verir:
“Çünki hazırda qeyri-müəyyənliklər kifayət qədər çoxdur. FED rəhbəri hesab edir ki, hazırda faiz dərəcəsi nə çoxdur, nə də az – yəni yaxşı bir səviyyədədir və gözləmək daha məqsədəuyğundur. Onun yanaşması belədir ki, əvvəlcə vəziyyət aydınlaşmalıdır: ticari müharibələrin istiqaməti necə olacaq və s”.
 
İsqisadçının sözlərinə görə, FED-in faiz dərəcələri ilə bağlı hazırkı qərarı Azərbaycana xüsusi təsir göstərməyəcək:
 “Çünki dollar son bir ildə, xüsusilə ilin əvvəlindən bu günə qədər təxminən 10 faizədək ucuzlaşıb – 1,12 və ya 1,13 səviyyəsindən geriləyib. Dolların ucuzlaşması manata mənfi təsir göstərmir, çünki manat da dollarla birlikdə ucuzlaşır. Bu isə, əslində, maliyyə baxımından müəyyən rahatlıq yaradır, baxmayaraq ki, inflyasiyanı artırır. Dolların ucuzlaşması idxal məhsullarını bahalaşdırır və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Digər tərəfdən isə, bu vəziyyət ölkənin qeyri-neft ixracına müsbət təsir edir. Bu baxımdan, dolların daha da ucuzlaşması ölkə üçün maliyyə baxımından problem yaratmır, lakin inflyasiya riski mövcuddur. Dolların yaxın zamanda bahalaşması ehtimalı isə hələ ki real görünmür. Bu, daha çox ABŞ-Çin ticarət danışıqlarının gedişindən və FED-in gələcək qərarlarından asılı olacaq. Ümumiyyətlə, ilin əvvəlindən dollar 10 faizə qədər ucuzlaşdığı üçün, yüngül bir bahalaşma olsa belə, bunun manatın məzənnəsinə ciddi təsiri olmayacaq. Yəni FED-in cari qərarının manat üzərində xüsusi bir təsiri gözlənilmir”.
 
Mehin Mehmanqızı
 
Chosen
0
moderator.az

1Sources