EN

Aleksandr Turçin Azərbaycanda: İkitərəfli əlaqələrin genişlənməsində növbəti addım

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərə söykənən əməkdaşlıq tarixinə malikdir.

Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qarşılıqlı hörmət və etimada söykənən əlaqələrini illər ərzində ardıcıl şəkildə inkişaf etdirib. Bu münasibətlər həm siyasi müstəvidə, həm də iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq nümunəsi kimi dəyərləndirilir.

Azərbaycanla Belarus arasında diplomatik münasibətlər 1993-cü ildən etibarən qurulub. O vaxtdan bəri iki ölkə arasında qarşılıqlı səfərlər, birgə layihələr, sənaye və kənd təsərrüfatı sahələrində ortaq təşəbbüslər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləmə siyasəti əlaqələrin dinamik inkişafına səbəb olub. Belarusun Gəncə Avtomobil Zavodunun yaradılmasındakı rolu, Azərbaycanda Belarus Ticarət Evinin fəaliyyəti, neft və sənaye məhsullarının qarşılıqlı dövriyyəsi bu əməkdaşlığın konkret nəticələridir.

Bu fonda Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana etdiyi rəsmi səfər xüsusi önəm daşıyır. Səfər çərçivəsində keçiriləcək görüşlər, iqtisadi forumlar və açılış mərasimləri təkcə indiyə qədər görülən işlərin davamı deyil, eyni zamanda gələcək əməkdaşlıq üçün yeni imkanların dəyərləndirilməsi baxımından da əhəmiyyətlidir. Baş nazirin işğaldan azad olunmuş Qarabağ bölgəsinə səfəri isə siyasi həmrəyliyin və mənəvi dəstəyin növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr qrupunun üzvü Arzu Nağıyev bildirib ki, səfər çərçivəsində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşləri nəzərdə tutulur:

"Rəsmi səfər proqramı çərçivəsində həmçinin Azərbaycan-Belarus Biznes Forumunun keçirilməsi planlaşdırılıb. Forumda hər iki ölkənin iş adamları və dövlət nümayəndələri iştirak edəcəklər. Səfər zamanı Azərbaycanda Belarusun iştirakı ilə yaradılmış bir sıra obyektlərin, o cümlədən “Belaruski” ticarət şəbəkəsinin və “Vertus Engineering Company” MMC-nin lift yığımı müəssisəsinin açılışı baş tutacaq. Həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində də görüşlər keçiriləcək".

Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Belarus nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə - xüsusilə Füzuli və Xocavənd rayonlarına səfərləri planlaşdırılıb. Bu səfərlər zamanı bərpa edilən və yenidən qurulan infrastruktur layihələrinə baxış keçiriləcək. Həmçinin Qızıl Kəngərli kəndi ərazisində aqroşəhərcik layihəsi ilə tanışlıq da nəzərdə tutulur. Azərbaycan və Belarus arasında diplomatik münasibətlər 1993-cü ildən etibarən qurulub. İki ölkə arasında parlamentlərarası, eləcə də beynəlxalq təşkilatlar - BMT, ATƏT və Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan daim Belarusun dəstəyini hiss edib və qarşılıqlı şəkildə bu dəstəyi göstərib:

"İkitərəfli iqtisadi əməkdaşlıq sahəsində mühüm nailiyyətlər əldə olunub. Belarus Gəncə Avtomobil Zavodunun yaradılmasında və fəaliyyətində mühüm rol oynayıb. Bu zavodda Belarus texnologiyaları əsasında kənd təsərrüfatı texnikası istehsal olunur. Azərbaycan 2011-ci ildən etibarən Belarusa neft ixrac edir. Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, birgə müəssisələrin yaradılması prosesi davam edir. MAZ avtobuslarının və onların ehtiyat hissələrinin Azərbaycanda istehsalı da gündəmdədir".

Arzu Nağıyev, Milli Məclisin deputatı

Deputat onu da vurğulayıb ki, hazırda Azərbaycanda 300-dən çox belarus şirkəti və təşkilatı fəaliyyət göstərir. Belarus Qarabağ məsələsində də Azərbaycana mənəvi dəstək verib. Hərbi-texniki əməkdaşlıq sahəsində də iki ölkə arasında mühüm sazişlər imzalanıb və bu istiqamətdə əməkdaşlıq genişlənməkdədir. Bununla yanaşı, sənaye və hərbi sənaye kompleksi sahələrində də əlaqələr inkişaf edir. Mədəni əməkdaşlıq sahəsində də uğurlu təşəbbüslər həyata keçirilir. Azərbaycanda Belarus Mədəniyyət Günləri təşkil olunub, Nizami Kino Mərkəzində Belarus filmləri nümayiş etdirilib. Eyni zamanda, Belarusda da Azərbaycanın milli sərvətlərinə həsr olunmuş sərgilər keçirilib:

"Bütün bu faktlar onu göstərir ki, Azərbaycan və Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri davamlı şəkildə inkişaf edir və qarşıdakı dövrdə daha da möhkəmlənəcək".

Əli Hüseynov

Chosen
0
bakivaxti.az

1Sources