Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il, Aysel Məmmədovanın isə 8 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.