EN

“Bolt”un bitməyən fırıldağı: Müştərilərin   cibinə belə girirlər

Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən narazılıqlar artır. Müştərilərin sözlərinə görə, onların sistemində göstərilən gediş haqqı ilə sürücülərin sistemindəki qiymətlər üst-üstə düşmür. Belə ki, müştəri sifariş verərkən qiymət 7 manat göstərilsə də, taksiyə əyləşdikdən sonra sürücü 9 manat yazıldığını bildirir. Ümumiyyətlə, Bakıda taksi xidmətlərində gediş haqları artsa da, xidmət keyfiyyətində irəliləyiş müşahidə olunmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Moderator.az-a bildirib ki, Azərbaycanda taksi xidmətləri sahəsində ciddi problemlər yaşanır və bu vəziyyət artıq illərdir davam edir:
 
“Xüsusilə onlayn taksi sifarişlərində vəziyyət daha da acınacaqlıdır və burada çoxsaylı qanunsuzluqlar müşahidə olunur. Ən ciddi problemlərdən biri də xəritə sistemlərinin düzgün işləməməsidir. Hara getdiyinin fərqi yoxdur, sistem ümumiyyətlə düzgün işləmir. Mənə istehlakçılar şikayət edir, özümün də başıma gəlib. Məsələn, müəyyən bir ünvana sifariş verilir, lakin sürücü sərnişini tam fərqli bir yerdə düşürür və bildirir ki, sistem ona bu ünvanı göstərib. Sürücülər “tez düşməlisiniz, yoxsa bizi cərimə edərlər” bəhanəsi ilə sərnişinləri tələsik şəkildə endirməyə çalışırlar”.
 
Onun sözlərinə görə, qiymətlərlə bağlı da ciddi narazılıqlar var və bu barədə Azad İstehlakçılar Birliyinə mütəmadi şikayətlər daxil olur:
 
“Bu problemlərin davam etməsinin əsas səbəblərindən biri taksi şirkətlərində post terminalların olmaması və kassa çeklərinin verilməməsidir. Nə qədər ki, bu məsələlər həll olunmayıb, sistemdə şəffaflıqdan danışmaq mümkün deyil. Onlayn üzərindən istənilən müdaxilə etmək olar, qiymət sifarişçinin telefonda ayrı cür, sürücünün sistemində ayrı cür görünə bilər, çünki bu işi  operator tənzimləyir.  Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da taksilərdə gediş  haqqı aydın şəkildə görünməlidir – ya bir monitorda, ya da güzgüdə. Hazırki vəziyyətdə  isə Azərbaycanda normal taksi xidmətindən danışmaq çətindir. Taksi xidməti insanları aldatmaq, onların cibinə girmək vasitəsinə çevrilib. Bu sahədə böyük problemlər yaşanır və təcili islahatlara ehtiyac var”.
 
E.Hüseynov vurğulayıb ki,  ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir:
 
 “Üç ay öncə cənab Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti prezidentə tabe olan bir quruma çevrildi, Elnur Bağırov da ora rəis təyin edildi.  Köhnə komandadan Azad İstehlakçılar Birliyi  heç bir fərri iş gözləmir. İllər boyu necə pis işləyiblərsə, deyəsən, yenə də belə davam etdirirlər. İstehlakçı hüquqları sahəsində ciddi işlər aparılmalıdır. 1995-ci ildə qəbul olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında qanun dəyişməz qalır. Bazar inkişaf edir, lakin  qanun köhnə olaraq qalır. Bu səhv bir siyasətdir və  məsələ düzəlməlidir”.
Qeyd edək ki, “Bolt” xidmətinin Azərbaycandakı fəaliyyəti 2017-ci ildən başlanıb. Hazırda Azərbaycanın 11 şəhərində - Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba və Lənkəranda fəaliyyət göstərir.
 
Mehin Mehmanqızı
 
Chosen
0
1
moderator.az

2Sources