EN

İstanbulda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert baş tutdu - VİDEO - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində, Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitesi "Atatürk Eğitim Fakültesi"ndə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş növbəti parlaq konsert baş tutdu.Tədbirdə respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi Surə Rüfət (violin) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Xədicə Cahangirova (piano) möhtəşəm konsert proqramı ilə çıxış etdilər. İlk olaraq konsertdə Filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə bu layihə haqqında ətraflı məlumat verərək, qonaqları və tədbir iştirakçılarını salamladı.

Proqramda Ü.Hacıbəyli, Q.Qarayev, A.Məlikov, S.Rüstəmov, N.Paganini, F.Chopin, H.Wieniawski, S.Raxmaninovun əsərləri səsləndi.Qeyd edək ki, tədbirin moderatoru Marmara Üniversitesi "Güzel Sanatlar Fakültesi" üzrə müəllim Aytac Rzaquliyeva hər bir əsər haqqında dinləyicilərə maraqlı məlumatlar ötürərək bu gecəni daha da yaddaqalan etdi. Konsertin sonunda isə Marmara Universiteti tərəfindən iştirakçılara diplomlar, xatirə hədiyyələri və suvenirlər təqdim olundu. Yüksək səviyyədə təşkil olunmuş bu gecə Azərbaycan mədəniyyətinin inkişafına və gənc istedadların dəstəklənməsinə vəsilə oldu. Tədbirin təşkilatçıları M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Marmara Üniversitesi "Güzel Sanatlar Fakültesi" nin müəllimi Aytac Rzaquliyeva və "Hoş sanat" Mərkəzinin yaradıcılarıdır.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Filarmoniyanın həyata keçirdiyi layihədir, artıq 10 ildir ki, fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun rəhbəri - Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
0
milli.az

1Sources