Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib.
Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə dövlət başçılarının razılaşmaları və tapşırıqlarının həyata keçirilməsi üzrə birgə səyləri artırmaq barədə razılıq əldə etdik. Bu gün prezidentlər İlham Heydər oğlu Əliyev və Aleksandr Qriqoryeviç Lukaşenkonun birgə səyləri ilə Azərbaycan-Belarus tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.
Qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər səmərəli birgə fəaliyyətə daha çox kömək edir”.
“Azərbaycan ilə Belarusu strateji tərəfdaşlıq birləşdirir. Bu tərəfdaşlıq zamanın sınağından çıxıb və ölkələrimizin liderlərinin qarşılıqlı münasibətləri bunun parlaq təsdiqidir”.
Bu sözləri isə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə geniş tərkibdə görüş zamanı deyib.
Belarus hökumətinin başçısı bildirib: “Münasibətlərimizin “məhək daşı” ən geniş sahələri əhatə edən və yüksək intensivliyi ilə seçilən iqtisadi-ticari əməkdaşlıqdır. Keçən il əmtəə dövriyyəmizdə böyük rəqəmlər qeydə alınıb. Biz buna sevinməyə bilmərik, belə ki, zənnimcə, bizim hələ birlikdə səy göstərəcəyimiz hədəflər vardır. Biz ərazilərin bərpası məsələsi üzərində dayandıq və bu gün problemin kompleks həllinə dair təkliflər üzərində birlikdə düşünməyə hazırıq. Bu, həm mənzil tikintisi, həm də, ən başlıcası, istehsalat sahəsidir, çünki əlbəttə, ilk növbədə, insanlara iş, əməkhaqqı lazımdır. Bunlar, həmçinin bu gün Azərbaycan tərəfi ilə daha sıx müzakirə etməyə hazır olduğumuz mövzulardır. Əlbəttə ki, sənaye korporasiyasının inkişafı, əməkdaşlığın yeni istiqamətləri, yanğınsöndürmə texnikası, xüsusi kommunal texnika və başqa sahələr də var”.
AZƏRTAC