EN

Bakıda tanınmış həkim odlu silahlarla tutuldu – Evindən yüzlərlə patron, “beşbarmaq” çıxdı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

49 yaşlı Elnur Həsənov “Fairmont” hotelə bərbərə gedən zaman saxlanılıb.

Belə ki, həmin zaman ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Onun avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança aşkar edilib.

Maşının yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar aşkar edilib. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib. Bu zaman isə xeyli sayda silah-sursat aşkar edilib.

Onun evinə baxış keçirilən zaman 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” aşkar edilib.

Elnur Həsənov ov həvəskarı olub. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zamanı tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyən edilib.

Qeyd edək ki, Həsənov həbs edildiyi gündən sonra uzun müddət işə getmədiyi üçün işdən azad edilib.

Elnur Həsənov istintaq zamanı 5 aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Elnur Həsənov Musavat.com-a açıqlamasında evindən çıxan silahları ova olan marağına görə əldə etdiyini deyib.

Hazırda evdə olduğunu bildirən həkim əlavə açıqlama vermək istəməyib:

“Hazırda özümə gəlməyə çalışıram”.

Chosen
0
23
veteninfo.az

10Sources