Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma…
Qala qəbirstanlığında qəbirqazan işləyən şəxs dələduzluq əməlinə görə həbs edilib.
Qaynarinfo xəbər verir ki, Elvüsal adlı şəxs Rövşən adlı vətəndaşdan 650 manat pul alaraq ikincinin atası üçün məzar yeri hazılayacağını vəd verib. Lakin vədini yerinə yetirməyib.
Qarşı tərəf polisə müraciət edib və Elvüsal saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə Elvüsal bildirib ki, Rövşən atası ağır xəstə olduğu üçün qabaqcadan məzarını hazırlatmaq istəyib. O, da 650 manat müqabilində bu işi görəcəyini deyib. Lakin sonradan Rövşən atasının səhhəti qaydasına düşüb. Rövşən Elvüsala verdiyi pulu geri istəyib. Elvüsal pulu qaytaracağını desə də, qaytarmayıb.
Rövşən isə məhkəmədə bildirib ki, Elvüsal özünü Qala qəbirstanlığının vəzifəli şəxsi təqdim edərək onları aldadıb. O, 650 manat pul alaraq məzar yeri verəcəyini desə də, vədinə əməl etməyib. Dəymiş zərəri də ödəməyib.
Məhkəmənin hökmü ilə Elvüsal Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirli bilinərək ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.