EN

Badamovun saxlanılması: Rusiyadan hələ açıqlama yoxdur

Deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması və Moskva hava limanında heç bir izahat verilmədən onun geri göndərilməsi müəmmalıdır.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yazıb.

“Doğrudur, belə bir versiya var ki, Rusiya tərəfi fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevə media müstəvisində verdiyi açıqlamalarına görə deputat Azər Badamovu qara siyahıya salıb. Ancaq bu ikisi arasında böyük fərq var. Birincisi, Valuyev açıqlamasında Azərbaycan əleyhinə təhqiedici ifadələr işlətmişdi, Azər Badamov isə Rusiyanı hədəf almadan rusiyalı deputata cavab vermişdi. Azər Badamovun Nikolay Valuyevin ünvanına yazdığı sərt cümlə sadəcə bu idi: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Görünür, məhz bu cümlə Moskvanın xoşuna gəlməyib. İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyduğunu elan etmişdi. Yəni Valuyev bu qadağanı bilərək bilet alıb Azərbaycana gəlməzdi. Rusiya Xarici İşlər Nazirliyi isə Azər Badamovun Rusiyaya girişinə qadağa qoyması barədə açıqlama verməmişdi. Azər Badamov əvvəlcədən bunu biləsydi, Rusiyaya səfər etməzdi. Fərq bundadır. Azər Badamov qadağadan xəbərsiz deputat həmkarları ilə birgə Rusiyadakı tədbirə qatılmalıydı. Özü də söhbət o tədbirdən gedir ki, Rusiya tərəfi özü Azərbaycan parlamentinin üzvlərini dəvət edib”, - politoloq bildirib.

E.Şahinoğlu bu olayla bağlı diqqət çəkən digər iki məqam da olduğunu bildirib:

“Birincisi, Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. İkincisi, bu hadisədən 10 gün əvvəl Azər Badamov Rusiya ərazisində - Dağıstanda səfərdə olub. Əgər Rusiyanın müvafiq strukturları Azər Badamova “stop” qoyublarsa, Dağıstan ərazisinə niyə buraxıblar? Belə çıxır ki, Azər Badamovla bağlı qərar 10 gün içində verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib. Rusiya XİN-dən isə hələ açıqlama yoxdur. Moskva bu addımla bizə əl altdan dəyənəyini göstərib. Kreml bir tərəfdən emissarlarını Bakıya göndərir və gələnlər ağızdolusu dostluq və strateji tərəfdaşlıqdan danışırlar, o biri tərəfdən əvvəlcədən xəbərdar etmədən Azərbaycan parlamentinin deputatını geri göndərirlər, üstəgəl də bəlli olur ki, Azərbaycan əleyhinə kiberhücumları həyata keçirən əsas qruplar Rusiya ərazisindədir. Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?”.

Chosen
0
5
axar.az

10Sources