EN

"Heç kəs ağlına gələn qiyməti turistə deyə bilməz" – AÇIQLAMA

Azərbaycanda turizm sektoru sürətlə inkişaf etsə də, xüsusilə bölgələrdə xidmət keyfiyyəti ilə qiymətlər arasında ciddi uyğunsuzluqlar qalmaqdadır. Yay mövsümündə turist axınının artması fonunda hotel və iaşə müəssisələrinin baha qiymət siyasəti turistlərin narazılığına səbəb olur. Bu vəziyyət həm ölkənin turizm imicinə zərər vurur, həm də gələcək inkişaf üçün risk yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirdi ki, Azərbaycana gələn turistlərin sayı günü-gündən artır:

“Bu, xüsusilə ilin son aylarında özünü daha aydın şəkildə göstərdi. Əcnəbi turistlərlə yanaşı, yerli turistlər də bölgələrə axın edir. Bu hadisə yay mövsümündə daha da geniş vüsət alır. Qarşıdan yay gəlir və biz bu dövrə ciddi şəkildə hazırlaşmalıyıq. Xüsusilə bölgələrdə fəaliyyət göstərən hotellər, iaşə müəssisələri və ümumiyyətlə, turizm xidməti bu prosesə peşəkar yanaşmalıdır. Lakin ciddi hazırlıq təkcə mənfəət güdmək anlamına gəlməməlidir. Burada milli və strateji yanaşma əsas olmalıdır.

Nəzərə alsaq ki, turizmdə yeniyik və təxminən 10 illik təcrübəyə sahibik, bu müddətdə sürətli inkişaf müşahidə olunub. Amma təəssüflə qeyd etmək lazımdır ki, bu gün bölgələrdə xidmət baxımından hələ də müəyyən neqativ hallar mövcuddur. Bəzi iaşə obyektlərində qiymətlər olduqca bahadır. Halbuki, eyni kateqoriyalı hotellər digər ölkələrlə müqayisədə daha ucuz başa gələ bilər. Məsələn, bu gün 5 ulduzlu bir hotel dünya standartlarına uyğun fəaliyyət göstərirsə və 150 manat civarında qiymət təklif edirsə, bu, normal hesab oluna bilər. Lakin həmin hotelin daxilindəki iaşə müəssisələrində təqdim olunan bir şam və nahar yeməyinin hotelin özü qədər baha olması düzgün deyil. Bu o deməkdir ki, oteldə qalmaq turistə faktiki olaraq 300 manata başa gəlir. Buna görə də biz gündə üç dəfə yemək daxil olan konseptə keçməliyik.

Türkiyənin turizmi bu gün niyə inkişaf edir? Çünki onların hədəfli və uzunmüddətli strategiyası var. Dünya miqyasında turizm deyəndə ağıla ilk gələn ölkələrdən biri Türkiyədir. Onlar bu sahənin peşəkarlarıdır. Öz portfellərini gücləndirmək üçün 10 il sonranı belə hesablayırlar. Təəssüf ki, bizim bölgələrdəki iaşə müəssisələri ən yaxşı halda sadəcə bu günü görür, sabahı düşünmürlər”.

Ekspertin sözlərinə görə, bu gün gələn turistə fərdi yanaşma göstərilməzsə, müsbət təəssürat yaranmayacaq:

“Bu halda qazandığımız gəlir yalnız bu gün üçün keçərli olacaq. Sabah isə nə o turist, nə də o pul bizdə qalacaq. Dövlət Turizm Agentliyi bu sahəyə nəzarət edir. Tarif Şurası necə ki, apteklərdə qiymət tənzimləməsi aparır, eyni qayda ilə hotellərdə və digər turizm müəssisələrində də bu tətbiq edilməlidir. Heç kəs ağlına gələn qiyməti turistə deyə bilməz.

Tayland da bir vaxtlar dünyanın ən çox turist qəbul edən ölkələrindən biri idi. 2015–2016-ci illərdə bu ölkədə 5 ulduzlu hotellər 20 avrodan başlayır. Bu həm ölkə iqtisadiyyatına, həm də turizm sektoruna böyük fayda verdi. Ümumiyyətlə, turizmdə sadəcə varlı kütləni məmnun etmək yanaşması doğru deyil. Vacib olan nəyi, nə vaxt və necə təqdim etməyi bilməkdir.

Bizdə hotellər artıq kateqoriyalara bölünüb: 5 ulduz, 4 ulduz, 3 ulduz. Sahibkar olaraq, bir hotel tikməzdən əvvəl bazarı yaxşı tanımalıyıq. Əgər bu gün 3 ulduzlu bir hotel tikiriksə, çalışmalıyıq ki, orada ən azı 4 ulduzlu xidmət göstərək. Bu, sahibkar üçün baş ucalığıdır və onu digərlərindən bir addım önə çıxarır. Ona görə də hotellər keyfiyyətə üstünlük verməli, bu sahədə utanmadan, çəkinmədən inkişaf etməlidirlər. Axı biz turizmdə hələ gəncik və neqativ halları aradan qaldırmaq üçün hələ fürsətimiz var" , – deyə Rəhman Quliyev vurğulayıb.

Xədicə BAXIŞLI

Chosen
0
redaktor.az

1Sources