EN

Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı!

Ferstappen
Formula 1-in 75-ci ildönümü mövsümünün ilk dörddə biri geridə qalıb və bu həftəsonu Mayamidə mövsümün okeanın o tayındakı ilk yarışı baş tutub. 1news.az xəbər verir ki, küçə trasında keçirilən yarış azarkeşləri soyuq və yağışlı hava ilə qarşılayıb.
Altı sprint yarışından ikincisi də Mayamidə keçirilib. Cümə günü yalnız bir saatlıq sərbəst yürüşdən sonra sürücülər sprint sıralanma turuna çıxıblar. Gərgin mübarizə şəraitində “Mercedes”in debütantı Andrea Kimi Antonelli sensasion qələbə qazanaraq “McLaren” sürücülərini qabaqlayıb. Şənbə səhəri keçirilən sprint yarışına yağış səbəbindən gecikmiş start verilib. Antonelli birinci döngədə yer tapa bilmədiyi üçün Piastri, Norris və Ferstappenə yol verib. İlk olaraq quru təkərlərə keçən “Ferrari”nin təcrübəli sürücüsü Lyuis Hemilton bu qərarı ilə podiumun son pilləsinə yüksəlib. Lando Norris isə pit-stopunu Təhlükəsizlik Maşınının (TM) dövrəsində edərək liderliyə yüksəlib və finişə qədər mövqeyini qoruyub. “McLaren” Piastrinin ikinci yeri ilə mövsümdə ilk sprint dublunu yaşayıb. Günün ikinci yarısında əsas yarış üçün sıralanma müəyyənləşdirilib. Mövsümdə ilk dəfə Hemilton son sessiyaya keçə bilməyib. Final sessiyada Maks Ferstappen Lando Norrisi 0.065 saniyə qabaqlayaraq poul mövqeyini qazanıb. Yarış günü yağış ehtimalına baxmayaraq, hava günəşli keçib. Ferstappen liderliyini qorusa da, Landonu sıxışdırdığı üçün britaniyalı altıncı yerə geriləyib. Oskar Piastri isə sürətlə irəliləyərək 14-cü dövrədə Ferstappeni də geridə qoyub və liderliyi ələ keçirib. Ferstappen əvvəlcə ikinci, daha sonra isə üçüncü yeri də itirib. Virtual Təhlükəsizlik Maşını dövrəsində pitə girən Corc Rasl yumşaq təkərlərlə trasa qayıdaraq podiuma yüksəlib. Yarışın sonlarında “Ferrari” sürücüləri arasında gərgin mübarizə gedib. Lekler komanda yoldaşı Saynsı keçib, Lyuis isə fürsətdən istifadə edərək irəliləyib. Sayns daha sonra Hemiltonu geridə qoyaraq mövqeyini bərpa edib. Son döngələrdə “Ferrari” və “Williams” maşınları arasında təmas yaşansa da, hər iki sürücü finişə çata bilib. Beləliklə, Oskar Piastri mövsümdə ardıcıl üçüncü, ümumilikdə isə dördüncü qələbəsini qazanıb. Norris ikinci yeri tutaraq “McLaren”ə mövsümdə ikinci dublu yaşadıb. Rasl isə dördüncü podiumunu əldə edib. Pouldan başlasa da, Ferstappen yalnız dördüncü yeri tutub. Onun ardınca Aleks Elbon (Williams) beşinci, Antonelli isə altıncı olub. “Ferrari”dən Sayns 9-cu, “Red Bull”dan Yuki Tsunoda isə 10-cu olaraq son xalı qazanıb. Bu nəticələrlə Oskar Piastri 131 xalla liderliyini möhkəmləndirib. Norris 115, Ferstappen isə 99 xalla onların ardınca gəlir. Komandalar arasında “McLaren” 246 xalla liderdir və “Mercedes” üzərində 105 xal üstünlüyə malikdir. İki həftə sonra mövsüm İtaliyanın əfsanəvi İmola trasında davam edəcək.
Chosen
0
2
1news.az

3Sources