EN

Valideynlərin “uşağım ingiliscə danışır” gözləntiləri: Xarici dili baxçadan öyrədək?

Müasir dövrdə erkən yaşlarda uşaqlara xarici dil öyrədilməsinə maraq getdikcə artır. Lakin bu məsələ ilə bağlı cəmiyyətdə fərqli yanaşmalar mövcuddur.

Bir tərəfdən, erkən yaşda xarici dil öyrənməyin uşağın gələcəkdə həmin dili daha asan və effektiv şəkildə mənimsəməsinə şərait yaratdığını düşünənlər var. Digər tərəfdən isə, bu yaş mərhələsində xarici dilin öyrədilməsinin uşağın ana dilini başa düşməsi və səlis danışması prosesinə mənfi təsir göstərə biləcəyi vurğulanır.

Bəs əslində doğru olan nədir? Baxçalarda xarici dil öyrədilməlidirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəqədər təhsilin əsas məqsədi uşaqların erkən yaş dövrlərində idrak, fiziki və yaradıcı potensiallarının inkişafı, mədəni səviyyələrinin yüksəlməsi, psixoloji dayanıqlıqlarının gücləndirilməsi, estetik tərbiyələrinin təşkili və sadə əmək vərdişlərinə yiyələnməsi üçün imkanların yaradılmasıdır.

Nəzərə çatdırılıb ki, bu dövr həmçinin uşaqların ətraf aləmə və şəxsi sağlamlığa qarşı şüurlu və həssas münasibətinin formalaşmasına, həyati bacarıqları qazanmasına və şəxsiyyətlərinin ilkin inkişafına zəmin yaradır.

O da vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrində uşaqlara təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək, estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək məsələləri öyrədilir.

“Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət standartlarına əsaslanan kurikulum əsasında tərtib edilir və təşkil olunur. Bağçalarda valideynlərin istəkləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil etmək olar ki, bu dərnəkdə xarici dil öyrədilə bilər”,- deyə məlumatda qeyd olunub.

Kamran Əsədov, təhsil məsələləri üzrə ekspert

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, baxça yaşlı uşaqlara xarici dilin öyrədilməsi məsələsi sadə pedaqoji yanaşma deyil, dərin psixoloji, sosial və təhsil siyasəti aspektləri olan kompleks bir məsələdir.

Onun sözlərinə görə, bu yaş dövrü insan həyatında öyrənmənin ən sürətli və həssas mərhələsidir:

“Beynəlxalq tədqiqatlara əsasən, uşaqların beyin inkişafı baxımından fonetik və qrammatik strukturları qavramaq qabiliyyəti 3-6 yaş dövründə zirvəyə çatır. Məsələn, Avropa Komissiyasının “Early Language Learning” adlı hesabatında göstərilir ki, erkən yaşda başlayan çoxdillilik təhsili gələcəkdə uşaqların kognitiv funksiyalarını, mədəni adaptasiya imkanlarını və akademik performansını əhəmiyyətli dərəcədə artırır. Kanada, İsveçrə və Sinqapur kimi ölkələrdə bu yanaşma dövlət siyasətinə çevrilib və müvafiq kurikulumlara inteqrasiya olunub”.

Azərbaycanda bu məsələ daha çox özəl baxçaların təşəbbüsü ilə həyata keçirilir və adətən valideynlərin sosial gözləntiləri ilə stimullaşdırılır deyən ekspert nəzərə çatdırıb ki, əsas problem ondan ibarətdir ki, ölkədə xarici dil öyrədilməsi dedikdə bir çox hallarda yaşa uyğun metodika yox, “dil əzbərlətmə” və “erkən nəticə göstərmə” mədəniyyəti formalaşıb. Bu isə uşaqların psixoloji inkişafına və ana dili ilə bağlı təməl düşüncə strukturlarına mənfi təsir göstərə bilər:

“Azərbaycan Respublikasının “Məktəbəqədər təhsil haqqında” Qanununun 10-cu maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin əsas funksiyası uşaqlarda şəxsiyyətin harmonik inkişafı, ilkin bilik və bacarıqların formalaşdırılması, sosiallaşma və dil bacarıqlarının inkişafı kimi məsələləri əhatə etməlidir. Burada “dil bacarığı” dedikdə birbaşa xarici dil deyil, ilk növbədə ana dilində ifadə imkanlarının gücləndirilməsi nəzərdə tutulur. Ana dilində düşünmə və ifadə etmə bacarığı tam formalaşmadan xarici dilin öyrədilməsi, xüsusən də strukturlu təlim formasında təqdim olunması, uşağın dil mənimsəmə prosesində ləngimə, qarışıqlıq və hətta nitq geriliyi kimi nəticələr doğura bilər. Məhz bu səbəbdən UNESCO və UNICEF-in tövsiyələrində erkən yaşda xarici dil öyrədilməsi ancaq oyun əsaslı, vizual və audial stimullarla zəngin, məcburiyyət olmayan, şəffaf metodologiya ilə həyata keçirilməlidir:

Müsahibimizin fikrincə, müsbət tərəfdən yanaşdıqda isə, erkən yaşda xarici dildə eşitmə, səsləri təqlid etmə və sosial ünsiyyət vasitəsilə təbii şəkildə dilə məruz qalmaq uşaqların fonetik duyumunu inkişaf etdirir.

Ekspert qeyd edib ki, bu, gələcəkdə həmin dili daha səlis danışmaq, qrammatik strukturları daha rahat qavramaq və aksentsiz danışmaq bacarığını təmin edir. Eyni zamanda, çoxdillilik uşaqlarda beyin elastikliyini, diqqət və yaddaşın güclənməsini, müxtəlif mədəniyyətlərə adaptasiya imkanlarını da artırır. Bu xüsusiyyətlər gələcəkdə həm akademik, həm də əmək bazarında üstünlük yarada bilər:

“Lakin bu təcrübənin bərabər şəkildə hər bir uşağa çatmaması Azərbaycanda sosial bərabərsizliyi dərinləşdirir. Şəhərdəki özəl baxçalarda xarici dil müəllimləri, resurslar və texnologiya ilə dəstəklənən tədris proqramları tətbiq edildiyi halda, kənd və rayonlarda yerləşən dövlət baxçalarında bu imkanlar, demək olar ki, yoxdur. Bu isə təhsildə başlanğıc mərhələdən fərqlərin yaranmasına və sosial ədalətsizliyin daha da dərinləşməsinə səbəb olur. Hətta eyni şəhər daxilində də bu sahədə resurs çatışmazlığı müşahidə olunur”.

Dediyinə görə, bünya təcrübəsinə baxdıqda, Finlandiyada məktəbəqədər təhsil tamamilə ana dilin inkişafı və oyun əsaslı sosial bacarıqların formalaşmasına həsr olunur, xarici dil təhsili isə məktəb yaşında başlanır və yüksək metodik səviyyədə həyata keçirilir. Almaniyada isə bəzi əyalətlərdə erkən yaşdan ikidilli tərbiyə proqramları tətbiq olunur, lakin bu yalnız könüllülük, oyun və ailə dəstəyi çərçivəsində həyata keçirilir.

Böyük Britaniyada isə məktəbəqədər mərhələdə yalnız “dilə məruz qalma” prinsipi əsas götürülür – yəni dərs formatı yoxdur, uşaqlar müxtəlif dillərdə mahnılar, nağıllar və oyunlar vasitəsilə dillə tanış olur:

“Azərbaycanda isə bu təcrübənin vahid sistem və pedaqoji nəzarət olmadan tətbiqi ciddi problemlər doğurur. Əgər bu sahədə dövlət siyasəti formalaşarsa, ana dili və xarici dilin balanslı şəkildə təqdim olunduğu, regionlararası fərqlərin aradan qaldırıldığı, pedaqoqların xüsusi metodika ilə hazırlandığı model tətbiq edilərsə, bu həm ana dilinin qorunmasına, həm də xarici dillərdə kommunikativ bacarıqların inkişafına xidmət edə bilər”.

Təhsil eksperti əlavə edib ki, əgər bu proses nəzarətsiz və kommersiya məqsədilə həyata keçirilərsə, uşaqlar yalnız dil öyrənməkdə deyil, emosional və psixoloji inkişafda da ciddi çətinliklərlə üzləşə bilər:

“Bu gün valideynlərin “uşağım ingiliscə danışır” kimi gözləntiləri tez nəticə almağa yönəlib, amma bu nəticənin nə qədər dərin və dayanıqlı olduğu, uşağın uzunmüddətli dil, şəxsiyyət və mədəni inkişafına necə təsir etdiyi çox zaman nəzərə alınmır”.

K.Əsədov yekun olaraq vurğulayıb ki, baxça yaşında xarici dil öyrədilməsi mümkündür və bəzi hallarda faydalıdır. Amma bu, yalnız uşağın ana dili inkişafını zəiflətməyəcək şəkildə, oyun əsaslı, könüllü, pedaqoji baxımdan əsaslandırılmış və sosial bərabərlik prinsipi üzərində qurulduğu halda məqsədəuyğun ola bilər.

“Əks halda, bu cür təcrübələr təhsildə qeyri-bərabərliyin artmasına, uşaqların psixoloji gərginliyə düşməsinə və tədris prosesinin məzmun baxımından keyfiyyətsizləşməsinə səbəb olacaq. Bu sahədə dövlət səviyyəsində metodiki çərçivələrin və nəzarət mexanizmlərinin formalaşdırılması zəruridir”,- deyə Kamran Əsədov bildirib.

Mina Mikayılova

Chosen
0
bakivaxti.az

1Sources