EN

Zahid Oruc: Sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra imzalanacaq - MÜSAHİBƏ

BAKI, 5 may. TELEQRAF

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da tərəflər hələ də yekun sazişlə bağlı masaya oturmayıb. Prosesin ləngidilməsi sülh şanslarının itirilməsi ilə nəticələnə bilərmi?

- Hər bir halda açıq platformalardakı görüşlər əvvəlki intensivlikdən qat-qat azalıb. Bu isə müəyyən bir göstəricidir. Belə olan halda reallıq, işarələr və mesajlar bizə ipucları verir, imkanlar yaradır. Danışıqlar hazırda xüsusi müddəaların üzərində belə davam etmir. Hətta bəziləri onu baza sazişi, çərçivə müqaviləsi adlandıra bilərdi. Bir müddət bu məsələlərin üzərində iş getdi. Azərbaycanın hərbi siyasi iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyində bu, diplomatik masaya daşındı. Görünən mənzərə ondan ibarət oldu ki, həqiqətən də döyüş meydanlarındakı kimi burada da öz mövqeyimizi uğurla təmsil edə bilirik. Təəssüflər olsun ki, belə bir hal Azərbaycan tarixində yaşanmayıb. Biz əksər hallarda taleyimizin başqa qüvvələr tərəfindən həll olunduğunu görmüşük. Bəlkə də mümkündür ki, bir azərbaycanlı şəxsin rütbəsindən, ranqından asılı olmayaraq imzalanan sənəddə onun adı keçib, amma əksər hallarda taleyimizi son dərəcə zərbə altında qoyan müqavilələr olub. Ona görə də indiki nəticələri Prezident İlham Əliyev qalibiyyətinin İlham Əliyev müqaviləsinə daşınmağı kimi də xarakterizə eləmək istərdik.

- Sülh prosesinə regional kommunikasiya xəttləri ilə bağlı məsələlərin təsirini necə dəyərləndirirsiniz? İddialar odur ki, İrəvan bu məsələyə əlavə qüvvələr cəlb etmək niyyətindədir…

- Fakt odur ki, Ermənistan tərəfi Zəngəzur məsələlərində prosesi bir neçə qütb, qüvvə, coğrafiyalar, əsasən də ATƏT-in Minsk Qrupunun keçmişdə üzvü olan Fransa və Amerikaya daşımaqla bölgəni beynəlmiləl mənafelərin toqquşması meydanına çevirməyə çalışdı. Bu isə onların növbəti bir xarici siyasi “doktrinası” oldu. Sözsüz ki, bu, qətiyyən təkcə Rusiyadan qopmaq deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi, strateji bir fikir söyləmişdi ki, Ermənistan Qarabağa görə girovdur və özünün xarici siyasətini belə tələdə saxlayır. Sanki əsarətdədir və bu yüz illərdir ki, belədir. Qarabağ azad olanda Ermənistan da müəyyən qədər azad olacaq, beləliklə xarici siyasətini, dövlət idarəçiliyini hansısa paytaxtlarda deyil məhz öz iradəsinə uyğun qura biləcək. Təəssüflər olsun ki, Ermənistanda bir qütbü digəri əvəz etməyə çalışdı. ABŞ-nin sabiq prezidenti Cozef Bayden Administrasiyası son günlərini yaşadığı vaxtda, yeni Amerika prezidentinin andiçməsindən üç gün əvvəl deklorativ xarakter daşıyan, amma “Ermənistan bizim qanadımız altında olacaqdır” müqaviləsi müttəfiqlik prinsipləri deyilən məsələnin nəticəsi idi. Hətta iddia edirdilər ki, “hərbi, maliyyə cəhətdən orduda müxtəlif islahatlardan sonra yeni quruculuq siyasətlərini biz idarə edəcəyik” kimi bir yanaşma idi.

- Azərbaycan isə İrəvan-Vaşinqton arasındakı məlum razılaşmadan sonra da sülh niyyətindən imtina etmədi…

- Ona görə də hazırda biz deyə bilərik ki, Azərbaycanın sülh danışıqlarında məhz konstruktiv mövqe göstərməsi düzgün bir yanaşma idi. Çünki 2020-ci ildəki Vətən Müharibəsinin şərtlərindən doğan əsas müddəalar tam olaraq yerinə yetirilib qurtarmalıdır. Əslində hər zaman belə bir düşüncə hakimdir ki, sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra mümkün olacaq. Yalnız o halda bu proses inandırıcı xarakter daşıyacaq ki, o sənəddə nəinki Minsk Qrupunun digər məsələlərin də həlli reallaşacaq. Nikol Paşinyan da indi iddia edir ki, Minsk Qrupundan imtina sülh müqaviləsi imzalanmaqla eyni zamanda həyata keçirilə bilər.

- Bununla nəyə nail olmaq istəyirlər?

- İndi sanki Azərbaycanı masaya gətirmək üçün mövqe sərgiləyirlər. Ancaq burada da Amerikanı fəal şəkildə moderatorluğa qatdılar. Xatırlayırsınıza, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Amerikada 5 saatlıq görüşü oldu. Həmçinin Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyində prosesi xeyli irəlilətmək mümkün olmuşdu. Bununla əslində sülh danışıqları sanki müxtəlif paytaxtlara daşınmışdı.

- Amma əsas nəticələr isə tərəflər arasında vasitəçi olmadan əldə edildi. Sülh prosesinin də bu şərtlər çərçivəsində yekunlaşması gözlənilirmi?

- Bu, həqiqətən də belədir. Vasitəçi olmadan prosesi irəli aparmaq şansları artdı. İndi isə delimitasiya prosesində əvvəlki fəallıq özünü göstəmir. Ola bilsin ki, Paşinyan cəmiyyətdən gələn mesajları dərindən hiss edir. Onlar Gümrü və onun çevrəsindəki seçkilərdəki məğlubiyyətlərini ümumxalq nəticələri kimi qəbul etmək istəmirlər. Amma Paşinyana erməni cəmiyyətinin münasibəti ondan ibarət idi ki, Ermənistan nəhayət Qarabağ yükündən azad olunursa, bu prosesi bir qədər də irəli aparsın, Azərbaycan və türk dünyası ilə münasibətləri qursun və bununla da missiyası başa çatsın. Bütün bunların fonunda Azərbaycan öz liderinin strategiyası və iradəsi ilə prosesi düzgün həyata keçirməkdədir. Düşüncəmiz də odur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra sülh müqaviləsinin də imzalanması reallaşacaq.

Chosen
0
1
teleqraf.com

2Sources