EN

Özbəkistanlı gimnast: Bakıda keçirilən yarışlarda iştirak etmək bizim üçün xoşdur

Bakı, 5 may, AZƏRTAC

Turnir gərgin rəqabət şəraitində keçdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda gümüş medal qazanan özbəkistanlı Lola Djuraeva deyib.

Ötən gün çarpaz qarşılaşmalarda fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı özündən bundan da yaxşı nəticə gözlədiyini bildirib: “Mükafatçılar sırasında olduğum üçün sevinirəm. Lakin daha da yaxşı çıxış edə bilərdim. Kiçik səhvlərim oldu. Bir məqamda tarazlığı qoruya bilmədim. Düşünürəm ki, bu nüanslar olmasaydı, qızıl medal qazana bilərdim. Səhvlərimdən nəticə çıxarıb gələcək yarışlarda daha uğurlu çıxış etmək istəyirəm. Öz üzərimdə çalışmağa davam edəcəyəm. Azarkeşlərə isə dəstək üçün minnətdaram”.

O, Milli Gimnastika Arenasında çıxış etməyin möhtəşəm hiss olduğunu bildirib: “Yarışlarda iştirak etmək üçün Bakıya məmnuniyyətlə gəlirik. Çünki böyük və hər bir şəraiti olan Milli Gimnastika Arenasında imkanlarımızdan maksimum istifadə edə bilirik. Böyüklərdə debütüm ötən ay bu arenada keçirilən Dünya Kubokunda gerçəkləşdi. Yenidən burada çıxış etmək çox xoş oldu”.

Qeyd edək ki, mayın 1-4-də təşkil olunan Avropa Kuboku 25 ölkədən 170-dən çox gimnast iştirak edib.

Chosen
0
azertag.az

1Sources