EN

II Liqa oyununda rekord: istəsək, alınarmış

Azərbaycan II Liqasında XXIV turda “Şəfa” “ASK Arena”da lider “Şahdağ Qusar”ı qəbul edib.

Futbolpress.az xəbər verir ki, matçdan öncə meydan sahiblərinin qonaq komandanın azarkeşləri üçün 10 manatlıq biletlər satışa çıxarması böyük ajiotaja səbəb olmuşdu. II Liqada çempionluq oyunu adlandırılan matçda “Şəfa” qələbə qazanacağı halda, birinci pilləyə yüksələcək və çempionluq yolunda bir addım önə keçəcəkdi. Klubun universitetlərdən tələbə yığması, oyunla bağlı tez-tez çağırışları marağı daha yüksək həddə çatdırmışdı.

Böyük ajiotaj yaradan matçda II Liqada görmədiyimiz atmosfer yaşandı. “ASK Arena” demək olar, dolmuşdu. Peşəkar Futbol Liqasının rəsmi oyun protokoluna görə, oyunu tribunalardan 4500 tamaşaçı izləyib. Bu, II Liqa üçün rekord göstəricidir. Maraq üçün qeyd edək ki, Premyer Liqada 33-cü turun ən çox izlənən matçı “Şamaxı” – “Səbail” görüşündə (1:1) cəmi 1700 tamaşaçı qeydə alınıb. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Araz-Naxçıvan”ın kubokun finalçısı “Sabah”la oyununda isə cəmi 250 tamaşaçı tribunada olub.

Görünən odur ki, istənilən oyuna azarkeş yığmaq mümkündür. Matçönü yaradılan ajiotaj, klubların atmacalı davranışları marağı daha böyüdür. Bəlkə də, “Şəfa”nın 10 manatlıq bilet məsələsi və bunun daha geniş müzakirələrə yol açması olmasaydı, oyunda 4500 yox, 500 tamaşaçı gələrdi.

Matç isə qolsuz bərabərliklə başa çatdı. Lider “Şahdağ Qusar” ən yaxın izləyicisi “Şəfa” ilə 3 xallıq fərqi qorudu və çempionluq yolunda böyük addım atmış oldu.

Şahin Cəfərov

Chosen
0
futbolpress.az

1Sources