EN

“Neuralink” insan beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirməyi planlaşdırır

Bakı, 5 may, AZƏRTAC

ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri və “SpaceX” şirkətinin sahibi İlon Mask ümid edir ki, onun “Neuralink” layihəsi çərçivəsində gələn il ərzində insan beyninə görmə qabiliyyətini bərpa edəcək çip implantasiya ediləcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Mask bununla bağlı deyib: “Neuralink”dən görmə qabiliyyətini itirmiş insanlara, hətta anadangəlmə qüsuru olanlara da görmə imkanı verən “Blindsight” adlı cihaz hazırlanır. Bu çip beynin görmə korteksi ilə birbaşa əlaqə quracaq. Mən bu ilin sonunda bir insana ilk “Blindsight” implantını köçürə biləcəyimizi gözləyirəm. Əminəm ki, yaxın 12 ay ərzində bunu edə biləcəyik”.

Bundan əlavə, Mask ümid edir ki, gələcəkdə “Neuralink”in inkişafı onurğası zədələnmiş insanların yenidən yeriməsinə kömək edəcək.

Maskın 2016-cı ilin iyulunda əsasını qoyduğu “Neuralink” startapı insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Sahibkar hesab edir ki, bu cür qurğular insanlara süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də düşüncə gücündən istifadə edərək onlara kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

2024-cü il yanvarın 28-də “Neuralink” ilk dəfə telepatiya implantını insan beyninə yerləşdirib. Bu çip iflic xəstəsinə kompüteri idarə etməyə imkan verib. 2024-cü ilin avqust ayının əvvəlində Mask neyroçipin ikinci xəstəyə implantasiya olunduğunu elan edib, 2025-ci ilin yanvar ayında isə üçüncü şəxsə implant yerləşdirilib.

Chosen
0
azertag.az

1Sources