EN

Elçin Əmirbəyov: Sülh müqaviləsi düşmənçiliyi arxada qoyacaq

BAKI, 5 may. TELEQRAF

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikada səfərdə olub. O, səfər zamanı "Milenio" qəzetinə müsahibə verib.

"Teleqraf" İnformasiya Agentliyi Elçin Əmirbəyovun "Milenio" qəzetinə müsahibəsini təqdim edir.

-Azərbaycan və Meksika arasındakı münasibətlər necədir?

-Bir neçə ay əvvəl Azərbaycan ilə Meksika arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi qeyd olundu. O vaxtdan bəri ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Humanitar, mədəni və parlament sahələrində çox yaxşı münasibətlərimiz var.

Bundan əlavə, iqtisadi və ticarət əlaqələrini də gücləndirməyə çalışırıq. Meksikaya səfərimizin əsas məqsədlərindən biri də federal hökumət və Meksika Konqresinin müxtəlif rəsmiləri ilə görüşlər keçirməklə iki ölkə arasında siyasi dialoqa töhfə verməkdir.

-Hər iki ölkə arasında münasibətləri gücləndirmək üçün hansı addımlar atılır?

-Əsas məqsədlərdən biri bu münasibətləri inkişaf etdirmək üçün gələcək addımları müəyyənləşdirməkdir. Çünki həm Meksika, həm də Azərbaycan hazırkı geosiyasi şəraitdə ənənəvi tərəfdaşlıqların coğrafiyasını diversifikasiya etməyə çalışır və hər iki tərəfin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün siyasi iradəsi mövcuddur.

Mexiko şəhərində və Bakıda çox fəal fəaliyyət göstərən səfirliklərimiz var. Buna görə də bu səfirliklər ölkələrimizi qarşılıqlı şəkildə insanların diqqətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edirlər.

İqtisadi və ticarət sahəsində konkret və praktik layihələri və əməkdaşlıq sahələrini müəyyən etməyə ehtiyac var və bu sahələrdən biri, təbii ki, enerji sahəsidir. Çünki həm Meksika, həm də Azərbaycan karbohidrogen istehsal edən ölkələrdir.

Bundan əlavə, kənd təsərrüfatı və aqrosənaye sahələri də hər iki ölkənin müəyyən təcrübəyə malik olduğu sahələrdir. Biz bu təcrübəni bölüşə, əməkdaşlığı artıra və təbii ki, təhsil, turizm və idman sahələrində də əlaqələri genişləndirə bilərik.

-Yaşıl enerji Azərbaycan üçün nə dərəcədə önəmlidir?

-Azərbaycan Avropada enerji təhlükəsizliyinə ən çox töhfə verən ölkələrdən biri olub, lakin bu əsasən neft və təbii qazla bağlı idi. İndi biz getdikcə daha çox təmiz enerji istehsalına, o cümlədən elektrik enerjisi və hidrogen kimi sahələrə diqqət yetiririk.Azərbaycan günəş və külək enerjisi sahəsində böyük potensiala malikdir və yaxın illərdə biz Asiya Mərkəzi və Cənub bölgəsindən Qərbi Avropaya elektrik enerjisinin ixracını təmin edəcək sualtı kabel layihəsini həyata keçirəcəyik.

Bu layihədə yalnız Mərkəzi Asiya ölkələri deyil, həmçinin Cənubi Qafqazda yerləşən Azərbaycan və Gürcüstan, eləcə də Rumıniya, Macarıstan və Bolqarıstan iştirak edir.

Getdikcə daha çox investor Azərbaycanın ərazisində, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçiriləcək layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirirlər. Çünki bu bölgələrdə böyük potensial mövcuddur. Artıq 130 qiqavatdan çox təmiz enerji potensialına malik olduğumuz müəyyən olunub.

-Azərbaycan geosiyasi baxımdan niyə önəmlidir və bu əhəmiyyət Meksikalılara necə izah oluna bilər?

-İlk növbədə başa düşmək lazımdır ki, bu gün Azərbaycan yalnız coğrafi mövqeyinə görə deyil, son zamanlar qazandığı siyasi əhəmiyyətinə görə də Avrasiyada əsas dövlətlərdən biri hesab olunur.Buna görə də bizə yalnız əlaqə baxımından deyil, həm də regionda siyasi fəaliyyətin mərkəzi kimi yanaşılır. İkinci növbədə isə hesab edirəm ki, biz indi qonşularımızdan biri olan Ermənistanla, illərlə davam edən münaqişə nəticəsində artıq bitmiş münasibətləri normallaşdırmağa çalışan ölkəyik.

Meksika vətəndaşına maraqlı olacaq ki, Azərbaycan onilliklər boyu balanslı çoxvektorlu xarici siyasət yürüdüb. Biz heç bir böyük güc mərkəzi ilə ittifaqda deyilik. Onlarla bərabər məsafədə qalmışıq.

Eyni zamanda, biz strateji müstəqilliyimizi qoruyub saxlamışıq və bir çox qonşularımız bizi etibarlı tərəfdaş və müttəfiq hesab edir.

-Ermənistanla sülh prosesi nəyi əhatə edir?

-Biz Ermənistana əl uzatdıq və keçən mart ayında sülh müqaviləsinin layihəsi üzrə danışıqları tamamladıq. Əgər bu müqaviləni imzalamağı bacarsaq, düşünürəm ki, düşmənçiliyi arxada qoyacaq və Cənubi Qafqaz ölkələrinin inteqrasiyasına fokuslanacağıq. Sonunda bu sülhə nail olmaq üçün Ermənistan tərəfi qalan iki maneəni aradan qaldırmalıdır.

Birincisi, imzalayacağımız mövcud sülh müqaviləsi həm Ermənistanı, həm də Azərbaycanı hər bir ölkənin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını hörmətlə yanaşmağa məcbur edir. Təəssüf ki, hazırkı Ermənistan Konstitusiyası hələ də Azərbaycanın Qarabağ bölgəsinin işğalını təsdiqləyir və bu, sülh müqaviləsi ilə ziddiyyət təşkil edir.

Buna görə də, müqavilənin imzalanmasını təmin etmək üçün Ermənistan Konstitusiyasını dəyişdirməlidir ki, bu, razılaşdığımız sülh müqaviləsinin həm məzmunu, həm də ruhu ilə uyğun olsun. Meksikadan, sülhə dəyər verən bir ölkə kimi Azərbaycanının sülh gündəliyini dəstəkləməsini gözləyirik, çünki Cənubi Qafqazda sülh hökm sürərsə, bu region regional və qlobal sabitliyə əhəmiyyətli töhfə verəcəkdir.

-Meksikalı turist Azərbaycanda nələri görə və tapa bilər?

-Deməliyəm ki, xarakter, qonaqpərvərlik və temperamenti baxımından bizim xalqımız ilə meksikalıların arasında çox oxşar xüsusiyyətlər var. Biz cənub xalqıyıq, çox günəşli bir ölkə olduğumuz üçün bəxtiyar insanlarıq, zəngin və müxtəlif bir tariximiz var və yaxşı mətbəximiz mövcuddur.

Həmçinin, Azərbaycan coğrafi mövqeyi baxımından da maraqlıdır, çünki qədim zamanlarda Asiyanı Avropaya birləşdirən İpək Yolunun üzərində yerləşirdi, amma bu gün də biz müxtəlif qitələr, mədəniyyətlər və sivilizasiyalar arasında kəsişmə nöqtəsindəyik.

Bu, bizim xalqımızın xüsusiyyətlərindən biridir, çünki biz öz müxtəlifliyimizdən qürur duyuruq. Fərqli etnik qruplar, müxtəlif dinlər bir arada yaşayır və harmoniya içində birgə yaşamaktayız.

Chosen
0
teleqraf.com

1Sources