Bazar ertəsi, mayın 5-dən etibarən Skype proqramı rəsmi olaraq bağlanacaq və istifadəçilərin hesabları və söhbət tarixçələri Microsoft Teams xidmətinə köçürüləcək.
Bu barədə informasiyanı “Microsoft” şirkəti yayıb.
Mənbə qeyd edir ki, “Skype” məlumatları 2026-cı ilin yanvarına qədər istifadəçilər üçün əlçatan olacaq.
Onlar söhbət tarixçələri də daxil olmaqla, ixrac edilə bilər. Bu, gələn ilin yanvar ayına qədər edilməsə, xidmət məlumatları silinəcək.
Xatırladaq ki, Skype 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə Microsoft tərəfindən alınıb. 2015-ci ildə Skype-ı Windows 10-a inteqrasiya etmək cəhdi olub.
2017-ci ildə Microsoft Skype-da qurulmuş əməkdaşlıq platforması olan Teams-i istifadəyə verib.