EN

“Putinin agenti” və Trampın dostu Rumıniya prezidenti ola bilər – SENSASİON MƏLUMATLAR

Rumıniyada keçirilən prezident seçkilərində ifrat sağçı “Rumınların Birləşməsi Alyansı” (AUR) partiyasının lideri Corce Simion liderlik edir. Exit-poll nəticələrinə görə, Simion seçicilərin 33,1 faiz səsini qazanıb. Onu hakim koalisiyanın namizədi, təcrübəli siyasətçi Krin Antonersku (22,9%) və Buxarestin meri Nikuşor Dan (20,9%) izləyir.

KONKRET.az xəbər verir ki, Heç bir namizədin 50 faizlik həddi keçmədiyi üçün ikinci turun 18 mayda keçirilməsi gözlənilir. Analitiklər ikinci turda Simionun əsas rəqibinin ya Antonersku, ya da Dan olacağını bildirirlər.

Corce Simion özünü açıq şəkildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarı kimi təqdim edir. MAGA hərəkatı ilə ideoloji yaxınlığını vurğulayan Simion, Avropa İttifaqı və NATO ilə bağlı ritorikasını da yumşaldıb. Lakin eyni zamanda, onu Moldova və Ukraynaya girişinə qoyulan qadağa müşayiət edir. Kişineu rəsmi olaraq onun Moldova dövlətçiliyini tanımadığına görə bu qərarı verdiyini bildirib.

Simionun keçmişdə AUR partiyasından çıxarılmış, prorusiya meylli siyasətçi Kəlin Corceskunu yenidən yüksək dövlət postuna gətirməyə çalışması da böyük rezonansa səbəb olub. Qeyd olunur ki, Corcesku bu dəfə seçkilərə buraxılmayıb, lakin Simion onun siyasi xəttini davam etdirir.

Antonersku isə Avropa yönlü mövqedə olan üçpartiyalı koalisiyanın – Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və macar azlıqlar partiyasının dəstəklədiyi namizəddir. O, əvvəllər Senatın sədri vəzifəsində çalışıb və 2012-ci ildə müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edib.

Eyni zamanda, müstəqil namizəd Nikuşor Dan, müxalifət elektoratının diqqətini cəlb edir. O, sağ mərkəzçi mövqedədir və Aİ-NATO xəttini dəstəkləyir. Həmçinin, “Rumıniyanın Xilas İttifaqı” partiyasının dəstəyindən yararlanır. Paytaxt meri kimi siyasi leqitimliyi olan Dan, bir çox ekspertə görə ikinci turun əsas favoritlərindən biridir.

Rumıniyada prezident 5 illik müddətə seçilir. Əgər heç bir namizəd ilk turda çoxluq qazanmasa, iki ən çox səs toplayan namizəd ikinci turda yarışır.

Natiq SƏLİM,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources