ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika administrasiyası tərəfindən bəzi ölkələrin məhsullarına tətbiq olunan gömrük rüsumları gələcəkdə ləğv olunmaya bilər. Aznews.az xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə bildirib.
Jurnalistin “Rüsumlar daimi olacaqmı, yoxsa gələcəkdə ləğv olunacaq?” sualına cavab verən Tramp deyib: “Xeyr, mən bunu etməyəcəm, çünki əgər kimsə inanırsa ki, tariflər ləğv olunacaq, o zaman niyə ABŞ-da istehsal qurmalıdır?”
Tramp Çinlə ticarət sahəsində çox sərt davrandığını, lakin hazırda Pekinin Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını vurğulayıb: “Bu o deməkdir ki, biz artıq onlarla ticarət etmədiyimiz üçün trilyon dollar itirmirik. Onlar razılaşma əldə etmək istəyirlər. Həqiqətən də, çox istəyirlər. Görək bu necə nəticələnəcək, lakin bu razılaşma ədalətli olmalıdır”.
ABŞ prezidenti bildirib ki, gömrük rüsumlarından amerikalı sahibkarlar üçün istisnalar etməyəcək: “Onların buna ehtiyacı yoxdur”.