Bu gün futbol üzrə II Liqada mövsümün ən prinsipial qarşılaşması keçirilib.

Offsideplus.az xəbər verir ki, lider "Şahdağ Qusar" Bakıda "Şəfa"nın qonağı olub.

Rəqibini 3 xal qabaqlayan Qusar təmsilçisi qalib gələcəyi təqdirdə, faktiki olaraq, qızıl medalların taleyini həll edəcəkdi. "Şəfa" isə qələbə sayəsində 1-ci pilləyə yüksəlmək istəyirdi.

Oyuna prinsipiallıq gətirən meydandan kənar məqam də var idi. Belə ki, "Şəfa" rəhbərliyinin ASK Arenada baş tutacaq görüş üçün biletləri 10 manata satması "Şahdağ Qusar" tərəfində kəskin narazılıq yaratmış və günlərlə müzakirələrə səbəb olmuşdu.

Komandaların səyinə baxmayaraq, qarşılaşmada qol vurulmayıb. Beləliklə, "Şahdağ Qusar" çempionatın sonuna 2 tur qalmış əsas rəqibi ilə 3 xallıq fərqi qoruyub.

II Liqa, XXIV tur

16:00 "Şəfa" - "Şahdağ Qusar" 0:0

ASK Arena. Bakı