EN

Günəş sistemində doqquzuncu planetin aşkar edilməsinə doğru yeni addım - FOTO

 
"Bu planet Neptundan böyükdür və Günəşdən 700 dəfə uzaqda, 105 milyard km məsafədə yerləşir..."
 
Doqquzuncu planet Günəş sisteminin ən uzaq bölgəsində yerləşdiyi güman edilən, hələ ki, rəsmi olaraq aşkar edilməmiş nəhəng bir planetdir. Bu planetin varlığı ilk dəfə 2014-cü ildə nəzəri olaraq irəli sürülüb və 2016-cı ildə Kaliforniya Texnologiya İnstitutunun alimləri Maykl Braun və Konstantin Batigin tərəfindən daha konkret əsaslandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "habr.com" nəşri yazıb.
 
Planetin mövcudluğu, bəzi transneptun obyektlərinin (TNO) qeyri-adi orbitlərinə əsaslanaraq fərz edilir. Onun Yerə nisbətən 2–4 dəfə böyük diametrə və təxminən 10 dəfə çox kütləyə malik olduğu ehtimal olunur.
 
Bu fərziyyə əvvəllər "Planet X" kimi tanınan anlayışlardan fərqlidir. "Planet X" konsepsiyası daha çox kütləvi yoxolma dövrlərinin səbəbini izah etmək üçün irəli sürülüb, lakin bu fikir sonradan əsasını itirib. Doqquzuncu planet isə daha spesifik orbital pozuntularla əlaqələndirilir.
 
Son dövrlərdə aparılmış bir araşdırma bu sirli planetin tapılması istiqamətində əhəmiyyətli bir addım ola bilər. Tayvanın Sinxua Universitetindən astronom Terry Lonq Fanın rəhbərlik etdiyi bir qrup alim 1983-cü ildə fəaliyyət göstərən IRAS (İnfraqırmızı Astronomik Peyk) və 2006–2011-ci illərdə fəaliyyət göstərmiş AKARI (Yaponiyanın infraqırmızı teleskopu) müşahidə məlumatlarını təhlil edib. Bu iki müşahidə arasında 23 illik fərq var və alimlər bu məlumatlar arasında hərəkət edən bir obyekt müəyyən edib.
 
Əgər bu obyekt həqiqətən doqquzuncu planetdirsə, o zaman Neptundan böyükdür və Günəşdən 700 dəfə uzaqda, yəni təxminən 105 milyard kilometr məsafədə yerləşir. Bu, Neptunun Günəşdən olan məsafəsindən (30 AU) dəfələrlə uzaqdır. Bu səbəbdən belə bir obyektin adi optik teleskoplarla aşkarlanması olduqca çətindir. Lakin infraraqırmızı diapazonda daha parlaq görünməsi onun bu üsulla aşkar edilməsinə imkan yaradır.
 
 
Alimlər IRAS və AKARI teleskoplarının qeydlərini müqayisə edərkən eyni səma nöqtəsində zamanla yerdəyişmə göstərən obyekt tapıb. Müşahidələr göstərir ki, bu obyekt 23 il ərzində təxminən 47 bucaq dəqiqəsi (angular minute) hərəkət edib. Bu da onun Günəş ətrafında çox yavaş dövr edən və çox uzaqda yerləşən obyekt olduğunu göstərir.
 
Fanın komandası paralaks effekti (Yer Günəş ətrafında hərəkət etdikcə uzaq obyektlərin mövqeyinin dəyişməsi) və yaxınlıqdakı sürətli obyektlərin təsirini nəzərə alaraq, bu hərəkətin real planetə məxsus olduğunu təsdiqləyib. Onlar həmçinin daha müasir teleskoplarla obyektin dəqiq mövqeyini təyin etməyə çalışır. Məsələn, Çilidəki Blanco teleskopundakı Dark Energy Camera kimi geniş görüntülü cihazlarla bu obyektin yenidən müşahidə olunması planlaşdırılır.
 
Yenə də obyektin bu qədər uzaq məsafədə haradan gəldiyi sual doğurur. Fan ehtimal edir ki, bu planet Günəş sisteminin erkən dövrlərində daha mərkəzə yaxın bir yerdə, bəlkə də Yupiter və Saturnun yaxınlığında formalaşıb və sonra onların cazibə qüvvəsi ilə kənara atılıb. Alternativ olaraq, bu, başqa bir ulduz sistemindən Günəş tərəfindən tutulmuş "sərgərdan" bir planet də ola bilər.
 
Oxşar iddialar daha əvvəl də olub. 2021-ci ildə britaniyalı astronom Maykl Rouen-Robinson IRAS məlumatlarında Yer ölçüsündən 3–5 dəfə böyük, 225 AU məsafədə yerləşən bir obyektə dair müşahidələr aparıb. Lakin həmin obyekt sonradan digər məlumat mənbələri ilə təsdiqlənməyib. Fanın aşkar etdiyi obyekt isə həm IRAS, həm də AKARI tərəfindən müşahidə olunduğu üçün daha güclü namizəd hesab edilir.
 
Nəticə olaraq, bu obyektin həqiqətən doqquzuncu planet olub-olmadığını yalnız yeni müşahidələr və analizlər göstərəcək. Yaxın illərdə istifadəyə veriləcək "Nancy Grace Roman" teleskopu, Vera Rubin rəsədxanası və artıq fəaliyyət göstərən genişgörüşlü teleskoplar bu planetin "gizləndiyi" yeri üzə çıxara bilər. Fanın komandası öz tapıntılarını "Publications of the Astronomical Society of Australia" jurnalında nəşr edilmək üçün təqdim edib.
Chosen
0
moderator.az

1Sources