EN

Ranqnik Amorimin “Mançester Yunayted”ə təynatını tənqid etdi

Ralf Ranqnik, həmkarı Ruben Amorimin “Mançester Yunayted”ə təynatı müqabilində “qırmızı şeytanlar”ın rəhbərliyini tənqid edib.

Arena.az xəbər verir ki, vaxtilə “Mançester Yunayted”in baş məşqçi əvəzi olaraq çalışmış təcrübəli mütəxəssis bunları qeyd edib:

“Onlar mövsümün ortasında, üç və ya beş müdafiəçi ilə oynayan məşqçi ilə müqavilə imzalayıblar, komandanın heyəti isə dörd müdafiəçi ilə oyuna hesablanmış sistem üzərində təşkil edilib”, deyə Ranqnik fikrini əsaslandırıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ində Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. Amorim “Mançester Yunayted”in sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 36 oyuna çıxıb, 15 qələbə, 8 heçə-heçə, 13 məğlubiyyət yaşayıb. Topların fərqi isə 66:61 nisbətindədir.

Chosen
0
arena.az

1Sources