Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, közərmə lampaları idxalda hələ də üstün həcmə malikdir:
"Bu qadağalar idxal həcmlərində və dəyərdə kəskin azalmalara gətirib çıxaracaq. Digər tərəfdən közərmə lampalarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.Bu baxımdan közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən, Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir. Bu lampaların daha enerji səmərəli lampalarla əvəz edilməsi iqtisadi baxımından faydalıdır. Enerji səmərəliliyinin artması müəssisələrin və ev təsərrüfatlarının da xərclərini azaldacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib.
Əfsanə Kamal
Demokrat.az