EN

BMT-də maliyyə probleminə görə kütləvi ixtisarlar həyata keçirilə bilər

Birləşmiş Millətlər Təşkilatı əsas departamentlərin birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan köklü restrukturizasiyanı nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəhbərlik etdiyi işçi qrupunun hazırladığı məxfi altı səhifəlik memoranduma istinadən Reuters agentliyi məlumat yayıb.

Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları.

Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və BMT QAK-ın əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat həmçinin bir sıra işçilərin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla, işçilərin ixtisarını əhatə edir.

Təşəbbüs BMT-nin maliyyə böhranı ilə əlaqələndirilir. Belə ki, təşkilatın əsas donoru olan ABŞ-nin müntəzəm büdcəyə 1,5 milyard dollar, sülhməramlı əməliyyatlara isə 1,2 milyard dollar borcu var.

Amerika yardımının azaldılması artıq Humanitar Məsələlər İdarəsinin əməkdaşlarının 20%-nin işdən çıxarılmasına gətirib çıxarıb və Beynəlxalq Miqrasiya Təşkilatında 6 000 iş yerini ixtisara düşə bilər.

Quterreş islahatı parçalanmış strukturlara və bürokratiyaya cavab kimi qiymətləndirib, lakin BMT-nin yüzlərlə əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara etiraz edib. Yekun restrukturizasiya təklifləri mayın 16-dək təqdim edilməlidir.

Fevralın 4-də ABŞ prezidenti Donald Tramp ölkəsinin BMT-nin İnsan Haqları Şurasından və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyindən çıxarılması haqqında sərəncam imzalayıb. Amerika lideri hesab edir ki, BMT o qədər də yaxşı idarə olunmur.

Chosen
0
report.az

1Sources